Şimali Koreya Amerika qitəsinin hidrogen bombaları, qitələrarası ballistik və hipersəs raketlərinin əhatə dairəsində olduğunu və dünyanı silkələyə biləcəyini iddia edib.
Teleqraf.com xəbər verir ki, Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ-la gərginliyi artıracaq yeni açıqlama verib.
“Bir çox ölkələrin Birləşmiş Ştatlara təslim olmaq və kor-koranə itaətkarlıqla məşğul olmaq üçün vaxt itirdiyi bugünkü dünyada biz bu planetdə Amerika qitəsinin mənzilində olduğu raket atmaqla dünyanı silkələyə bilən yeganə ölkəyik. Hidrogen bombaları, qitələrarası ballistik və hipersəs raketləri sərəncamımızdadır”, - nazirlik bildirib.
XİN son raket sınaqlarını “qeyri-adi uğur” kimi xarakterizə edib, amma ölkənin son nəticədə bundan müharibədən çəkindirmə üçün istifadə etdiyini vurğulayıb.
Bəyanata cavab olaraq ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Vaşinqton Pxenyanı beynəlxalq sülh, təhlükəsizliyə və nüvə silahlarının yayılmasının qarşısının alınmasına təhdid kimi görür, amma Amerikanın bu ölkəyə qarşı heç bir düşmən niyyəti yoxdur.
Şimali Koreya təkcə bu il yeddi raket sınağı keçirib, bunların əksəriyyəti Yapon dənizinə atılıb.
Ölkə ötən həftə 2017-ci ildən bəri ilk dəfə orta mənzilli “Hwasong-12” ballistik raketini sınaqdan keçirdiyini təsdiqləyib. Ehtimal olunur ki, raket ABŞ-ın Quam ərazisini vura bilər.