“Rusiya-Ukrayna gərginliyinin artması fonunda keçirilən və dörd raunddan ibarət Moskva-Vaşinqton dialoqu tərəflərin istədiyi nərticələrlə yekunlaşmadı. Hər iki tərəf öz mövqeyi və tələblərindən geri çəkilmədi. Bu baxımdan, müharibənin başlayacağı labüd görünür. Bu isə Rusiya daxilində Moskva üçün ciddi başağrısına çevrilə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, yeni dünya nizamının formalaşması prosesi Ukrayna-Qara dəniz bölgəsindən başlayıb:
“Rusiya yeni dünya nizamında yenidən post-sovet məkanı və Şərqi Avropaya təsir imkanlarına sahib olmaq istəyir. Amma Kremlin ABŞ və NATO-nu Şərqi Avropadan uzaqlaşdırmaq səyləri ciddi təhlükəsizlik problemlərinə gətirib çıxara bilər.
Rusiyanın Ukraynaya qarşı hücumunun qarşısını almaq üçün diplomatik cəhdlər nəticə vermədi. Rusiya Qərbin onun təhlükəsizliyinə ciddi təhdidlər yaratdığını əsas gətirərək, buna qarşı hərəkətə keçəcəyi mesajları verir. Hətta ötən həftə Putin Makronla görüşündə açıq şəkildə Qərbi nüvə silahları ilə hədələdi. Baş verənlər Avropa üçün arzuolunmaz gedişatdan xəbər verir.
Rusiya beynəlxalq qanunları və hüquq normalarını öz diktəsi ilə yenidən yazmağı qarşısına məqsəd qoyub. Buna da Ukraynadan başlamaq istəyir. Qərb Moskvanın qarşısını almasa, Şərqi Avropanı itirəcək. Moskva cidd-cəhdlə ABŞ və NATO-nu bölgədən uzaq tutmağa çalışır. Müttəfiqlər bu təzyiqlər qarşısında çəkilsələr, Rusiyanın qlobal hegemoniyasını elan edəcək. Bu isə Rusiyanın qonşularına yaxşı heç nə vəd etmir. Amma nə ABŞ, nə də NATO geri çəkiləcəkmiş kimi görünür. Xüsusən də ABŞ-ın Rusiyanın bu niyyətinə qarşı hazır planının olduğu istisna deyil”.
Məhəmməd Əsədullazadə rus ordusunun Ukraynaya üç istiqamətdən hücum edə biləcəyini bildirib:
“Rusiya şərq, şimal və cənubdan Ukraynaya hücum planı hazırlayıb. Əsas hərbi qüvvələrini də bu istiqamətdə dislokasiya edib.
Bu gün Bayden növbəti dəfə Putinlə danışacaq. Baydendən əvvəl isə Makron rusiyalı həmkarına zəng edib. Hesab edirəm ki, telefon diplomatiyasında mövqelər aydınlaşa bilər. ABŞ və İngiltərənin Ukraynaya silah və hərbi mütəxəssislərini göndərməsi Rusiyanı qəti addımlar atmağa sövq edir. Amma Rusiyanın bu müharibə öz məqsədlərinə nail olacağı inandırıcı görünmür.
Bununla belə gərginlik davam edəcək. Rusiya Ukraynadan onda geri çəkiləcək ki, Minsk razılaşması reallaşsın. Yəni Ukrayna federasiya quruluşuna gedərək, Donabsa xüsusi status verəcək.
Qənaətimə görə, bu gün baş tutacaq Bayden-Putin danışığı son cəhd olacaq. Müharibə, yoxsa sülhün olacağı bu danışıqlardan asılıdır. Artıq vəziyyətin həssaslığını nəzərə alan Avropa ölkələri öz səfirliklərinin işçilərini bu ölkədən çıxarmağa başlayıb.
Donbasda müharibə qaçılmaz görünür. Amma bu toqquşma Ukraynanın daha geniş ərazilərini əhatə edə bilər. Eyni zamanda, Kreml belə bir addıma gedəcəksə, onda Rusiya daxilində sürpriz gəlişmələrə də hazır olmalıdır. Rusiyanın öz daxilində də, Putinin taxtını silkələmək üçün fürsət gözləyən kifayət qədər qüvvə var. Onlar həm orduda, həm də siyasi hakimiyyətin öz daxilindədir”.