Rusiya və Ukrayna arasında gərginliyin getdikcə artdığı bir vaxtda ABŞ bölgəyə əlavə 3 min hərbçi göndərəcəyini açıqlayıb. Rusiya isə Qərbi süni gərginlik yaratmaqda ittiham edib. Bütün dünyanın diqqətini özünə çəkən bölgə ilə bağlı daha bir iddia Almaniya mətbuatından gəlib.
Teleqraf.com xəbər verir ki, Almaniyanın ən çox oxunan nəşrlərindən biri “Der Spiegel” Rusiyanın fevralın 16-da Ukraynaya hücum edəcəyini yazıb.
Alman nəşri bu məlumatı kəşfiyyat mənbələrindən əldə etdiyini iddia edib.
Məqalədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və digər kəşfiyyat qurumlarının da bu həftəyə diqqət çəkdiyi qeyd olunub.
“Bir çox diplomat və hərbi yetkili ABŞ-ın Rusiyanın planı ilə bağlı gizli şəkildə məlumatlar verdiyini bildirib. Rusiyanın işğal planı ilə yanaşı, rus hərbi birliklərinin müharibədə atacağı addımlar bir-bir sadalanıb”, - nəşr bildirib.
Beləliklə, alman qəzeti Vladimir Putinin Rusiya-Ukrayna müharibənin fitilini dörd gün sonra – fevralın 16-da yandıracağını iddia edib.