13 Fevral 2022 18:22
1 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Avropada qaynar müharibə riski günbəgün artmaqda davam edir. Rusiya-Ukrayna gərginliyi ilə bağlı Amerika mətbuatından yeni iddia gəlib.

Teleqraf.com xəbər verir ki, “CBS News” ABŞ-ın rəsmi mənbələrinə istinadən Rusiya tərəfindən Ukraynaya “yalançı bayraq” hücumunun planlaşdırılması ilə bağlı yeni məlumat yayıb.

İlk dəfə “Vaşinqton Post” ötən cümə günü “yalançı bayraq” əməliyyatı haqda məqalə dərc edib. Həmin gün ABŞ prezidentinin müşaviri Ceyk Sallivan jurnalistlərə açıqlamasında deyib ki, Birləşmiş Ştatlar Rusiyanın işğala haqq qazandırmaq üçün “yalançı bayraq” əməliyyatı həyata keçirəcəyinə əmindir. O, böyük hücumdan əvvəl Ukraynaya raket və bomba zərbələrinin endiriləcəyini iddia edib.

Rusiya Belarus-Ukrayna sərhədinə qoşun göndərib və Qara dənizdən mümkün hücumunu reallaşdırmaq üçün bölgədə yerləşdirib. Moskvanın həm də Ukraynanın şərq sərhədinə qoşun yeritmək imkanı var.

ABŞ rəsmiləri bildiriblər ki, Rusiyanın bölgədə “yalançı bayraq” qaldırmaqla işğal üçün bəhanə yaradacağı barədə kəşfiyyat hesabatı var.

Dondurucu hava şəraitinin tanklar da daxil olmaqla, Rusiyanın ağır hərbi texnikalarının irəliləməsini asanlaşdıracağı bildirilib. Amma quru qoşunları Vladimir Putin üçün yeganə seçim deyil. Amma ABŞ rəsmiləri Putinin bu qüvvələrdən işğala başlamaq üçün istifadə etmək qərarına gəldiyinə dair heç bir sübut təqdim etməyiblər, bununla belə onlar deyirlər ki, bir neçə xəbərdarlıq işğal qərarını tezləşdirə bilər.

ABŞ cümə günü Pekin olimpiadası bitməmiş Rusiyanın Ukraynanı işğal edəcəyini elan etdikdən sonra hərbi müşavirlərini geri çəkdi, əməkdaşlarını Kiyev səfirliyindən Lvova köçürdü.

Sallivan ABŞ-ın ehtiyatlı davrandığını, amma nə olacağını dəqiq bilmədiyini söyləyib. Həmçinin ABŞ və Qərb rəsmiləri bunun Putin üçün inanılmaz dərəcədə təhlükəli və bahalı blef ola biləcəyini deyirlər. Üç amerikalı rəsmi Putinin 100 000-lik hərbi qüvvə ilə dövlətlərarası qarşıdurma riski yarada biləcək addım atacağına şübhə etdiyini bildirib. Başqa bir rəsmi mənbə isə iddia edib ki, Rusiyanın mütləq hücum planlaşdırdığına əmindir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər