14 Fevral 2022 13:15
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ durmadan Rusiyanın fevralın 16-da Ukraynaya hucum edəcəyini bəyan edir. Deyəsən, ABŞ bu məsələdə Rusiyadan daha çox maraqlı olduğu görünür”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ramiyə Məmmədova deyib.

Ekspertin fikrincə, ABŞ və Rusiya yenidən “soyuq müharibə”yə qayıdaraq, bütün dünyanı gərginlikdə saxlamaya başlayıb:

“Demək lazımdır ki, “soyuq müharibə”ni yenidən qızışdıran ABŞ və seçki kampaniyasında Amerika hegemoniyasını yenidən bərpa edəcəyinə söz verən və buna sadiq qalan Co Baydendir. Bu gün gərginliyi bu həddə çatdıran və bunun üçün Ukraynadan alət kimi istifadə edən də odur. Ukraynanın nə NATO-ya, nə də “Qərb bloku”na lazım olduğunu dəfələrlə nümayiş etdiriblər. İndi Ukrayna ortada qalıb. Rusiya da bütün Qərbi, elə ABŞ-ın özünü barmağına dolayır. ABŞ isə hər gün Rusiyanın adından “hucum planı” cızır. Rusiya da Kremlə gələn qonaqları, dövlət başçılarını, nazirləri qarşılıyıb yedirib-içirib, ələ salıb göndərir. Bunu Lavrovun ingilis həmkarı Liz Trassla görüşündə də gördük. Lavrov ona sual verdi ki, siz heç olmasa, Voronej və Rostovun Rusiya ərazisi olduğunu qəbul edirsiniz? İngilis nazir isə cavab verdi ki, biz heç vaxt bu bölgələrdəki varlığınızı qəbul etməyəcəyik. Bütün bunlar dünyada gülüşə səbəb oldu. Bu da bizim başbilən qərbli diplomatlarımız.

Baydenə gəldikdə, o, tamamilə Ukraynadan əlini çəkib. Açıq şəkildə bildirdi ki, Amerika ora hərbi qüvvə göndərsə, bu, dünya müharibəsinə yol açacaq. Bu, Bayden və Qərbin Ukraynanı ciddiyə almadığını açıq formada göstərir. Amerikanın sadəcə Rusiya ilə bağlı hədəfləri var. Hədəfi də budur ki, Rusiya qarşı formalaşdırdığı bloka daha çox Avropa ölkəsi qoşulsun. Xüsusən də Rusiya ilə əlaqələrini pozmaq istəməyən Almaniya və Fransanı. Bir neçə gün əvvəl Putinlə görüşən Makron isə belə bir blokada yer almadığını nümayiş etdirdi”.

Ramiyə Məmmədova Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəsini Rusiya təhlükəsindən qoruyacağını bildirən Qərbə güvənmədiyini bildirib:

“Zelenskinin son çıxışında “Rusiyadan hücumun olub-olmayacağı barədə dəqiq faktlarınız varsa, bunu bizə göstərin” deməsi Ukraynın nə Avropa Birliyinə, nə də ABŞ-a güvəndiyini sübut edir. Beləliklə, fevralın 16-da hücumun olacağını bilmək mümükün deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər