Rusiya və lideri Vladimir Putin Ukrayna ilə yaşanan gərginliyə görə dünyanın bir nömrəli gündəm mövzusu olmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, Qərbdə bəzi ölkələr müharibənin hər an başlaya biləcəyini desələr də, bəziləri isə gərginliyi azaltmağa çalışırlar.
Putin son açıqlamasında Avropada müharibə istəmədiklərini söyləyib. Bununla belə, rus ordusunun Ukrayna sərhədindən tamamilə geri çəkilmədiyi, qarşıdurma riskinin davam etdiyi vurğulanır.
İngilis nəşri “The Sun” gərginliyin yüksək olduğu vaxtda Putinin təhqir olunduğu məqaləyə imza atıb.
“Vladimir Putinin paranoid beyninin daxili tərəfi” başlıqlı məqalədə Rusiya liderinin psixi dünyası mikroskop altına alınıb.
Nəşr Putinin beynini “ABŞ prezidentlərinə qarşı aqressiya”, “NATO qorxusu”, “Qərbin inkişafına paxıllıq”, “təkəbbür”, “ruhi xəstə”, “Dağılmış Sovet İttifaqının xiffəti” kimi müxtəlif hissələrə bölüb.
“Putinin ağlından keçənləri anlamaq istəyirsinizsə, 1989-cu ildə Berlin divarının yıxıldığı dövrə qayıtmalısınız”, - deyilən məqalədə Rusiya liderinin KQB-nin mayoru olduğu xatırladılıb. Almaniyanın Drezden şəhərində kəşfiyyat xidmətində çalışdığı bildirilib.
Putinin sərt tənqid olunduğu məqalədə bu ifadələrə yer verilib:
“Rusiya prezidenti minlərlə hərbçini Ukrayna sərhədlərinə yığaraq şantajla məşğuldur. Bunun üçün sizə lazım olan ilk şey qorumaq istədiyinizi qorxutmaqdır. Sonra qurbanın (Ukrayna) polisə (NATO) etibar etmədiyinə əmin olmağa çalışırsınız.
Beləliklə, Putinin davranışları insanları NATO-nun parçalandığını, onun döyüşməyəcəyini və qorunmaq üçün qanqsterin yanında olmağın daha yaxşı olduğunu düşündürməkdən ibarətdir. Putin istəyir ki, Ukraynanı hədələməklə sovet dövründəki nüfuzunu bərpa etdiyinə inanaq”.