Rusiya və Ukrayna arasında gərginliyin pik həddə olduğu vaxt, dünən bütün dünyanı narahat edən hadisələr baş verib. Ukraynanın şərqində - Donetsk və Luqanskda birtərəfli qaydada “müstəqillik” elan edən Rusiyanın dəstəklədiyi separatçılar hökumət qüvvələrini son 24 saat ərzində 4 yaşayış məntəqəsinə atəş açmaqda ittiham ediblər.
Teleqraf.com xəbər verir ki, Kiyev ittihamları rədd edib və separatçıların hücumu nəticəsində uşaq bağçasına raket atıldığını və iki mülki vətəndaşın yaralandığını açıqlayıb.
Bundan sonra Kremlin sözçüsü Dmitri Peskov Donbasda gərginliyin artdığına diqqət çəkib: “Sərhədlərimiz yaxınlığında yeni müharibənin başlamasına səbəb olacaq informasiya hücumlarından nəticələrə keçid ola bilər”.
Avropa Birliyi-Afrika sammiti üçün Brüsseldə olan AB liderləri qarşıdurma xəbərindən sonra təcili toplanmaq qərarına gəliblər. AB liderləri Rusiyanın Ukraynaya müdaxiləsi durumunda Moskvaya qarşı tətbiq olunacaq bir sıra iqtisadi sanksiyalara hazırlığı müzakirə edəcəklər.
Gərginliyin mərkəz nöqtəsində olan Ukrayna Prezidenti Vladimir Zelenski Qərb ölkələrinin verdiyi yeni tank əleyhinə silahlarla keçirilən təlimi izləyib.
“Biz düşməndən qorxmuruq. Biz özümüzü müdafiə edəcəyik”, - Zelenski deyib.
Digər tərəfdən, Avropadakı hərbi varlığını artıran ABŞ Almaniyadakı hərbi bazasına “F-35” döyüş təyyarəsi yerləşdirib. ABŞ həmçinin bu həftə altı “KC-135 Stratotanker” təyyarəsini Ramşteyn hava bazasına, səkkiz “F-15E” hücum təyyarəsini isə Polşanın Lask şəhərində dislokasiya edib.
NATO Baş katibi Yens Stoltenberq isə Ukrayna sərhədində təhlükənin azaldığına dair iddianı rədd edib. O, Rusiyanın ötən ilin yaz aylarından bölgəyə hərbi qüvvə göndərməkdə davam etdiyini açıqlayıb.
“Rus qüvvələrinin artdığını görürük, azaldığını yox. Bəzilərinin gəlib, bəzilərinin isə geri çəkildiyini görmüşük, ümumi tendensiya isə davamlı artım olub. Buna görə də ciddi geri çəkilmə olmayıb. Biz onu da gördük ki, Rusiya Ukraynanı işğal etmək üçün bəhanə əldə etmək üçün “yalançı bayraq” əməliyyatına cəhd edir”, - NATO baş katibi söyləyib.
ABŞ prezidenti Co Bayden isə deyib ki, Rusiya yaxın günlərdə Ukraynaya müdaxilə edə bilər, amma diplomatik həll hələ də mümkündür. Bununla belə, Bayden qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırmır.
Bu arada, Rusiya Vaşinqtonla gərginliyi artıracaq addım atıb. Moskva ABŞ-ın Rusiyadakı səfirinin müavini Bart Qormanı ölkədən qovub. Rusiyanın qərarına reaksiya verən ABŞ Moskvaya cavab verəcəyini açıqlayıb.