Ukraynalı deputat İlya Kiva Rusiyanın ölkəsini işğal etməyə hazırlaşdığı ilə bağlı bəyanatlarına görə ABŞ Prezidenti Co Baydeni məhkəməyə verməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə deputatın özü açıqlama verib.
“Baydenin Putinin hücum əmri verməyə hazırlaşması və Rusiya ilə müharibə ilə bağlı çaxnaşma və təxribat xarakterli çıxışlarının mənə yaşatdığı mənəvi və psixoloji sarsıntı üçün onu beynəlxalq məhkəməyə verməyə hazırlaşıram”, - Kiva deyib.
Baydenin davranışlarının Amerika demokratiyasına və Qərb mediasının müstəqilliyinə inamını öldürdüyünü söyləyən Kiva ABŞ liderinin “proqnozlarının” özünü doğrultmadığını, amma onların yaratdığı isterikanın Ukrayna xalqına və iqtisadiyyatına böyük zərər verdiyini vurğulayıb.
“Bayden Rusiya işğalı mifi ilə yenidən qorxu və çaxnaşma yaratmağa başlayıb. Rusiya iqtisadiyyatını parçalamaq və onu təcrid etməklə hədələyir. Bilmirəm, Rusiya iqtisadiyyatına nə olub, amma o, artıq öz isteriyası ilə Ukrayna iqtisadiyyatını dəfn edib”, - deputat söyləyib.