“Qərbi ikili standartlarda ittiham edən Çin Ukrayna məsələsində özü ikili standartlardan çıxış edir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiyanın Ukraynanın işğal edilmiş ərazilərindəki separatçıları tanımasına diqqət çəkib:
“ABŞ və Avropa İttifaqı dövlətləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən danışırlar. Kreml sahibi Vladimir Putin sanksiyalardan çəkinsəydi, 2014-cü ildə Ukraynanı parçalayıb Krımı ilhaq etməz, Donbas separatçılarına dəstək verməzdi. Sanksiyalar Putini qorxutmur, onu gələcək addımlardan çəkindirmir. ABŞ Prezidenti Co Baydenin ilk elan etdiyi sanksiya qərarı Amerika şirkətlərinə Donbasla əlaqəni qadağan etməsidir.
Putin bu cür sanksiyadan niyə qorxsun ki? Donbas böyük ərazi deyil ki, Amerika şirkətlərinin bu bölgədə fəaliyyətə marağı olsun və əksinə Donbasın özünün Amerika yatırımlarına ehtiyacı yoxdur, nə gərəkirsə Rusiyadan əldə edəcək.
Kreml bundan sonra çalışacaq ki, dost dövlətlər Donbası Rusiya ərazisi kimi tanısınlar. Moskvanın əsas iki dövlətdən – Belarus və Çindən gözləntisi olacaq. Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvadan tam asılı olmasına baxmayaraq, bu günə qədər Krımı rəsmən Rusiya ərazisi kimi tanımayıb, ilhaqdan sonra yarımadaya getməyib. İndi də Lukaşenko hadisələrin gedişatını izləyəcək”.
Elxan Şahinoğlu bildirib ki, Çinin özünün ərazi bütövlüyü və separatçılıq problemi var və məntiqlə Ukraynaya da eyni pirzmadan yanaşmalıdır:
“Pekin uyğurlara qarşı ona görə mübarizə aparır ki, Çinin bölünməsinin qarşısını alsın. Pekin eləcə də Tibeti ciddi nəzarət altında saxlayır. Çin bundan başqa Tayvanla bağlı planı da var ki, adanın ona aid olduğunu iddia edir.
Buna baxmayaraq, Pekin Kremlin Donbası Ukraynadan qoparmasına səssiz qalıb. Halbuki ərazi bütövlüyü prinsipini rəhbər tutan Pekin başqa ölkələrə münasibətdə də eyni prinsipdən çıxış etməlidir. Ancaq söhbət Rusiyadan getdiyinə görə Pekin seyirçi qalıb.
Ukrayna və Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb Rusiya əleyhinə qərar verməyə çalışırlar. Təhlükəsizlik Şurasında veto hüququna malik olan Çin buna imkan verməyəcək. Çinin BMT-dəki nümayəndəsi Çjan Tsyun bildirib ki, məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Nə danışıq? Rusiya artıq separatçıları tanıyıb və geri addım atmayacaq, bu Ukraynanın parçalanması deməkdir. Diqqət çəkən odur ki, Çin təmsilçisi Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edən cümlə işlətməyib. Beləliklə, Qərbi ikili standartlarda ittiham edən Çin Ukrayna məsələsində özü ikili standartlardan çıxış edir”.