İrəvanda AVRONEST Parlament Assambleyasının komissiyalarının iclasları keçirilir.
Teleqraf.com xəbər verir ki, Azərbaycan deputatlarının da iştirak etdiyi tədbirdə Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Mariya Karapetyanın sədrliyi ilə Hüquq Məsələləri, İnsan Haqları və Demokratiya Komissiyasının iclasında Rusiya ilə Ukrayna arasında münaqişə müzakirə olunur.
Avropa Parlamentinin üzvü, AVRONEST Parlament Assambleyasının həmsədri Andrius Kubiliusun fikrincə, bu gün dünya post-imperiya ambisiyaları ilə üzləşməli olan çox təlatümlü vəziyyətlə qarşı-qarşıyadır və bu da öz növbəsində aqressiv davranışlara gətirib çıxarır.
“Əlbəttə, həm Ukraynada, həm də Şərq Tərəfdaşlığının digər ölkələrində insanların, xüsusən də ərazi bütövlüyünün pozulmasından, müstəqilliyə qəsdlərdən əziyyət çəkməsinin səbəbi budur”, - Andrius Kubilius deyib.
O vurğulayıb ki, Rusiya xalqları belə siyasətə etiraz edirlər, çünki onlar inkişaf, firavanlıq, daha yaxşı həyat şəraiti yaratmaq imkanlarını itirirlər.