Hərbi analitiklərin fikrincə, Ukrayna yaxınlığında 190 mindən çox hərbçisi olan Rusiyanın işğal üçün bir çox variantı var.
Teleqraf.com xəbər verir ki, amerikalı analitik Set Cons Rusiya ordusunun Luqansk və Donetskdə irəliləməyə qərar verəcəyi təqdirdə, Dnepr və Zaporojye şəhərlərinə qədər gedəcəyini iddia edib.
Cənubda Melitopol şəhərinin tutulması həm də Rusiyanın Rostov şəhərinin 2014-cü ildə ilhaq edilmiş Krımla birləşməsinə imkan verə bilər.
Rusiya aylardır Belqorodda minlərlə hərbçi saxlayır. İddiaya görə, rus ordusu oradan hərəkətə keçib Xarkov və Kremençuka doğru irəliləyə bilər.
İngilis analitik Ben Barri belə hesab edir ki, quru müharibəsində artilleriya tərəfindən dəstəklənən ağır zirehli birləşmələr sürətlə Ukraynanın dərinliklərinə doğru irəliləyəcək. Barri bildirib ki, Rusiya daha lokal əməliyyatla belə Ukraynanın hava hücumundan müdafiə sistemlərini və ölkənin qalan hissəsindəki hərbi idarəetmə infrastrukturunu bombalaya bilər.
Rusiyanın şərqdən hücumunu Luqansk və Donetskdəki separatçılar da dəstəkləyə bilər. Bu iki bölgədə 15 min separatçının olduğu təxmin edilir. Ukraynaya görə, bu rəqəm daha çoxdur.
Amerikalı ekspert Maykl Kofmanın sözlərinə görə, əgər Rusiyanın məqsədi Ukraynada rejim dəyişikliyidirsə, o zaman hücuma şimaldan başlayacağı ehtimalı da var.
Belarusdakı təlimlərə isə Rusiyanın 30 min hərbçisi cəlb olunub. Bu bölmələrin arsenalında qısamənzilli “İsgəndər” raketləri, “Su-25” və “Su-35” hücum təyyarələri var.
İngiltərə Baş naziri Boris Conson Rusiyanın Belarusdan hücuma keçməyi planlaşdırdığına dair kəşfiyyat məlumatlarına malik olduqlarını iddia edib. Conson Rusiyanın şimaldan cənuba doğru hərəkət edərək Kiyevi mühasirəyə alacağını da deyib.
Rusiyanın Belarusdakı təlimləri qeyri-müəyyən müddətə uzadılıb.
Kofman isə bildirib ki, Şərqdə, Rusiya sərhəddində Moskvanın 41-ci ordusu yerləşir.
Belarusdan Kiyevə qədər olan əməliyyat Çernobıl Atom Elektrik Stansiyasının ətrafındakı qadağan edilmiş zonaya daxil olmadan da davam edə bilər. Set Consa görə, belə bir əməliyyata Rusiyanın Troebortno və Novi Yurkoviçdəki qoşunlarından da verilə bilər.
Ben Barri isə Rusiyanın əməliyyata Krımdan başlanacağına əmindir. Rusiya ordusunun Krımdan Kiyevə doğru irəliləməsi Ukrayna qüvvələrinin əhəmiyyətli hissəsinin Dnepr çayının şərqində təcrid olunmasına səbəb ola bilər. Belə bir durumda Ukrayna ordusu mühasirəyə düşə bilər.
Rus qoşunları Krımdan qərbə doğru irəliləyərək Xerson və Odessanı, şərqə doğru irəliləyərək Melitopolu ələ keçirə bilər. Şərqə doğru bu irəliləyiş həm də Krımla Rusiya arasında quru əlaqəsini təmin edəcək. Krımdan atılacaq hücuma Qara dənizdəki Rusiya donanması da dəstək verə bilər.
Analitiklər bildirirlər ki, Rusiyanın hücumu eyni anda birdən çox cəbhədə başlaya bilər. Kofman hesab edir ki, Rusiyanın Ukraynanın mərkəzinə hücum ehtimalı yüksəkdir, amma bunun necə olacağı Moskvanın siyasi məqsədlərindən asılıdır. Bu məqsədlərin nə olduğu hələlik bəlli deyil.