Hüquq-mühafizə orqanları əməkdaşlarının işgəncədən istifadə etməsi nəticəsində Qazaxıstanda kütləvi iğtişaşlardan sonra müvəqqəti saxlama təcridxanalarında 6 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Baş Prokurorluğunun xüsusi prokurorluq xidmətinin rəisi Rizabek Ojarov bildirib.
“Biz qeyri-qanuni dindirmə üsullarından istifadə faktları üzrə cinayət işlərini qəbul etmişik... Belə işlərin hamısı bizə verilməyib, yalnız ağır nəticələrin, daha dəqiqi, məhbusların ölümünün qeydə alındığı hallar verilib”, - deyə o “Kazaxstanskaya pravda” qəzetinə müsahibəsində deyib.
Mövcud məlumata görə, işgəncələr nəticəsində iki nəfər Almatı müvəqqəti saxlama təcridxanasında, üç nəfər Şərqi Qazaxıstan vilayətində və bir nəfər Taldıkorqanda ölüb.
Qazaxıstan prezidentinin mətbuat xidməti daha əvvəl bildirmişdi ki, yanvar hadisələrindən sonra ölkədə işgəncə və vəzifə səlahiyyətlərindən sui-istifadə faktı üzrə 170 cinayət işi başlanıb.