ABŞ-da yaşayan banqladeşlilər “Camaati İslami” liderləri haqqında çıxarılan edam qərarlarına etiraz olaraq, Vaşinqtonda Ağ Evin qarşısında toplaşıblar.
Etiraz aksiyasını “Banqladeş üçün İnsan Haqları və İnkişaf” (HRDB) adlı qeyri-hökumət qurumu təşkil edib. Aksiyada Amerikanın müxtəlif bölgələrində yaşayan banqladeşlilər fəal şəkildə iştirak ediblər.
Tədbirə Nyu York, Nyu Cersi, Pensilvaniya və Şimali Karolinadan gələn qadın, kişi və uşaqlardan ibarət 1000 nəfər banqladeşli qatılıb. Əllərində "Banqladeşdə etirazçıları öldürməyi dayandırın", "Camaati İslami liderlərini dərhal sərbəst buraxın", "Banqladeşdə insan haqlarını qoruyun" yazılmış plakatlar daşıyan qrup "Camaati İslami liderləri üçün ədalət istəyirik", "Azad demokratiya, azad Bangladeş" şüarları səsləndiriblər.
Qeyd edək ki, müvafiq siyasi təşkilatın liderləri 1971-ci ildə Banqladeş Pakistandan ayrılan zaman ölkənin müstəqilliyi əleyhinə fəaliyyət göstərməkdə ittiham olunurlar.
Nail Cəlil