Dünyanın bir nömrəli gündəminə çevrilən Rusiyanın Ukraynaya təcavüzünə dünya liderləri kəskin reaksiya verərkən, Çindən bu işğala görə Moskvanı dəstəkləyən açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunin mövzu ilə bağlı açıqlamasında Rusiyanın hərbi müdaxiləsinin “işğal” adlandırıldığını, amma Pekinin bunu qəbul etmədiyini bildirib.
Çunin deyib ki, Rusiya suveren ölkə kimi öz maraqlarından çıxış etmək hüququna malikdir.
Rusiyanın Ukraynadakı “mülki rusları qorumaq” üçün əməliyyat həyata keçirdiyini bildirən çinli rəsmi Ukraynanın bəzi bölgələrində rus hərbçilərinin olmasının işğalçılıq olmadığını söyləyib.
Çunin ABŞ-ı yanğını alovlandırmaqda ittiham edərək, bunun gərginliyi artırdığını iddia edib.
“ABŞ Ukraynaya silah satmaqla və müharibəyə çağırmaqla daim gərginliyi artırır. Sual verilməli olan ABŞ-ın Ukrayna böhranında hansı rolu oynadığıdır”, - o bildirib.