“Türkiyə Ukrayna-Rusiya müharibəsində çox diqqətli olmalıdır. Kimsə Montrö anlaşmasının incə məqamlarından istifadə edərək bizi müharibənin mərkəzinə çəkmək istəyə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu türk təhlükəsizlik mütəxəssisi Abdullah Ağar deyib.
“Montrö anlaşmasının ən ədalətli şəkildə həyata keçirilməsi bizim üçün çox həssas məsələdir. Kimsə Montrönün müəyyən bəndlərindən istifadə edərək bizi müharibənin mərkəzinə çəkmək istəyə bilər. Bu çox diqqət tələb edir”, - Ağar bildirib.
Onun sözlərinə görə, Türkiyə bir sıra ölkələrin Qara dənizə döyüş gəmiləri göndərilmələrinə də həssas yanaşmalıdır. Ağar hesab edir ki, bundan Türkiyəni savaşa çəkmək üçün istifadə edə bilərlər.
“Onların nöqteyi-nəzərindən Türkiyə bufer - Avropanı qeyri-sabitliklə sabitliyi, yoxsulluqla zənginlik arasında qoruyan ölkədir. Müttəfiqlərimiz bizə bu rolu veriblər. Təəssüf ki, bunun qarşılığını görmədik, üstəgəl, bizə qarşı terror təşkilatlarına dəstək verdilər. Bu baxımdan, müharibədən qaçarkən özümüzü oda atmamalıyıq”, - ekspert vurğulayıb.
Ağar qeyd edib ki, əgər həqiqətən də Rusiya ilə hərbi-strateji mübarizə aparmaq lazımdırsa, əllərində çox güclü silahlar və arqumentləri var: “Necə ki, PKK/YPG terror təşkilatının qarşısında bizi xərcləmək istədilər, indi də başımızı uçan güllələrin önündə qaldırmaq istəyə bilərlər.
Müharibə dövründə Türkiyəyə hərbi gəmilərin keçidini məhdudlaşdırmaq hüququ verilib. Buna görə də Türkiyə gəmiləri şərtlərlə boğazlardan keçə bilər. Yəni müharibə vəziyyətidirsə və ya müharibə təhlükəsi hiss edirsə, Türkiyənin hərbi gəmilərin keçidini əngəlləmək hüququ var”.