Ukrayna silahlı qüvvələri İvankov və Dymer bölgəsində döyüşür və Teterev çayının sərhədində düşmənin üstün qüvvələrini dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının “Facebook” səhifəsində məlumat verilib.
“Bu gecə müdafiə qüvvələri rus işğalçılarının əhəmiyyətli hücum qruplarına müqavimət göstərməyə davam edib”, - məlumatda deyilir.
Düşmən Kropivnitski bölgəsindəki bölmələrə havadan zərbə endirib. Eyni zamanda, Vilkovo və Tiraspoldan yuxarı ərazilərdə düşmən helikopterlərinin əhəmiyyətli aktivliyi qeyd edilib.
“Düşmənin xeyli sayda zirehli texnikasının irəlilədiyi Daymer və İvankov rayonlarında döyüşürük və düşmənin üstün qüvvələrini Teterev çayında dayandırmışıq. Çayın üzərindən keçən körpü dağıdılıb”, - Baş Qərargahdan bildiriblər.
Bundan əlavə, müdafiə qüvvələrinin başqa bir taktiki qrupu dünən Rusiya hava-desant qoşunlarının nəzarətinə aldığı Qostomel aerodromunu götürüb.
Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Kiyev səmasını qoruyur.
Belə ki, saat 04:00-dan sonra Ukraynanın hava hücumundan müdafiə sistemi işğalçıların iki ölümcül “hədiyyə”sini paytaxta çatdırmağa imkan verməyib.
“Ukrayna Silahlı Qüvvələrinin və Müdafiə Qüvvələrinin sıralarına qoşulun. İşğalçının ayaqları altındakı torpaq yanmalıdır”, - Baş Qərargah əlavə edib.