Yaponiya parlamentinin aşağı palatası gələn ay keçiriləcək ümumi seçkilərlə əlaqədar buraxılıb.Bu barədə aşağı palatanın sədri Bummey İbuki məlumat verib. Qeyd edək ki, Yaponiya Nazirlər Kabineti öz iclasında dekabrın 14-nə ümumi seçkilər təyin edib.
Bundan əvvəlki ümumi seçkilər 2012-ci ilin dekabrında keçirilmişdi. Deputatlar dörd il nəzərdə tutulan səlahiyyətlərinin heç yarısına qədər çalışa bilməyiblər.Yeni formalaşacaq aşağı palatada deputatların sayı da az olacaq. Belə ki, 2012-ci ildə qəbul olunmuş qanuna əsasən, beş birmandatlı seçki dairəsi aşağı palataya seçkilər zamanı seçicilərin sayında yaranan disbalansı aradan qaldırmaq məqsədilə ləğv edilib.
Nəticədə bundan sonra aşağı palatada 480 yox, 475 deputat fəaliyyət göstərəcək.Seçkiöncəsi kampaniyada əsas mövzulardan biri Baş nazir Şinzo Abenin reallaşdırmağa çalışdığı və “abenomika” adını almış iqtisadi siyasəti olacaq.