28 Fevral 2022 12:55
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda hərbi-siyasi və psixoloji üstünlük Ukrayna tərəfdədir, ona görə də, Belarus görüşündə Kiyevin şərtləri müzakirə olunacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Ukrayna ətrafındakı situasiyanın Rusiyanın əleyhinə çevrildiyini bildirib: “Rusiya Ukraynada məğlub olarsa, Putin növbəti seçkilərdə iştirak etməyəcək. Məğlubiyyət Putin və komandasının siyasi fəaliyyətinin sonu ola bilər. Bu baxımdan, Putinin varisi məsələsi də sual altına düşür. Gedişata uyğun olaraq, Kremlə yeni komanda gələrək Qərblə anlaşmaya getməsi mümkündür.

Bu gün Belarusda baş tutacaq Ukrayna-Rusiya danışıqlarından da müsbət nəsə gözləmirəm. Ukraynanın Rusiyanın şərtlərini qəbul edəcəyi inandırıcı gəlmir. Çünki NATO və Avropa Birliyi dövlətlərindən Ukraynaya böyük dəstək vədi var. Ukraynaya müxtəlif növ silahlar və həmin silahları idarə edəcək peşəkar hərbçilər göndəriləcək.

Beləliklə, Rusiya üçün geri sayım başlayır. Putinin Ukrayna ilə bağlı planı baş tutmadı, hər gün ağır itki vermək isə onu siyasi məğlubiyyətə bir qədər də yaxınlaşdırır. İndiki məqamda Belarusda danışıqlara razılaşması isə Kiyevin Moskvaya maksimum güzəşti sayıla bilər. Rusiya bu fürsətdən istifadə edib güzəştə getməsə, yəni ordusunu bu ölkədən çıxarmasa ağır durumla üzləşəcək. Onsuz da ağır olan vəziyyəti daha da ağırlaşacaq”.

Məhəmməd Əsədullazadə gedişatın hələlik Ukraynanın lehinə olduğunu söyləyib:

“Ukrayna əlini gücləndirərək danışıqlara gedir. Qərbin dəstəyi bu mərhələdə Ukraynanın əlini güclü edir. Ona görə də hazırda hərbi-siyasi və psixoloji üstünlük Ukrayna tərəfdədir. Danışıqlarda Kiyevin şərtləri müzakirə olunacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər