28 Fevral 2022 21:25
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsir düşən, yaralanan və ya öldürülən rus hərbçilərinin görüntülərini paylaşan Ukrayna rəsmi qurumları əsirləri də sorğu-sual edir.

Teleqraf.com xəbər verir ki, əsir düşən rus hərbçilərindən bəziləri aldadıldıqlarını bildirirlər.

“Dedilər ki, təlim var, ona görə gəldik. Bizi aldatdılar, döyüşmək istəmirik”, - bir rus hərbçisi deyib.

İngiltərənin “The Guardian” qəzeti də əsir düşən rus əsgərlərinin ailələrini tapa bilib. Özünü Paktışev kimi təqdim edən bir əsgərin ailəsinin üç üzvü bu görüntülərə çox təəccübləndiklərini bildirib.

Paktışevin bacısı Yelena Polivtseva deyib: “Qardaşımın əsir götürülməsinin kadrlarını mənə göndərdilər. Şoka düşdüm. Onun orada döyüşdüyünü bilmirdim. Qardaşımın əsgər olduğunu bilirdim, amma Ukraynaya göndərildiyini bilmirdim, onun da bundan xəbəri olduğunu düşünmürəm”.

Ukrayna hökumətinin paylaşdığı videolarla bağlı Rusiya rəhbərliyindən hələlik açıqlama verilməyib. Rusiya Müdafiə Nazirliyi yalnız dünən gecə kiçik bir açıqlama yayımlayıb: “Bəzi yoldaşlarımız yaralanıb öldürülüb və əsir götürülüb. Amma məhv edilən ukraynalı millətçilərin sayı Rusiyanın itkilərindən qat-qat çoxdur”.

Ukrayna Baş Qərargahı müharibə ilə bağlı son vəziyyəti və gəlişmələri özündə ehtiva edən açıqlama verib. Açıqlamada rus qoşunlarından 4500 hərbçinin həyatını itirdiyi bildirilib.

Açıqlamada rus qoşunlarının əhval-ruhiyyəsinin aşağı olduğu deyilib:

“Düşmən şəxsi heyətinin təqribən 4500 nəfər itkisi olub. İşğalçı qüvvələrin əhval-ruhiyyəsi aşağıdır. Hətta Koryukivka yaxınlığında Rusiya Silahlı Qüvvələrinin əsgərləri silahlarını yerə qoyaraq təslim olmağa başlayıb”.

Ukrayna Səhiyyə Nazirliyi müharibədə 14-ü uşaq olmaqla 352 mülki şəxsin həlak olduğunu açıqlayıb. Eyni zamanda, 116-sı uşaq olmaqla 1684 nəfərin yaralandığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər