“Finlandiya, İsveç, Norveç, Lüksemburq və Avstriya bitərəf statusuna və ya daxili silah siyasətinə baxmayaraq, özlərini Rusiya təcavüzündən qorumaq üçün Ukraynaya hərbi yardım edir”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko deyib.
O bildirib ki, Finlandiya öz tarixində ilk dəfə olaraq hansısa ölkəyə silah-sursat verib: 2500 avtomat, 150 min patron, 1500 RPQ və 70 000 nəfərlik əsgər payı:
“İsveç Ukraynaya 135 000 nəfərlik əsgər payı, 5 000 dəbilqə, 5 000 gülləkeçirməz jilet və 5 000 tank əleyhinə silah təhvil verib. Bu ölkə 1939-cu ildən bəri ilk dəfədir hansısa ölkəyə hərbi yardım göstərir.
Norveç də müharibə vəziyyətində olan NATO üzvü olmayan ölkələrə silah verməmək siyasətindən uzaqlaşaraq, Ukraynaya dəstək üçün qərar verib. Oslo Ukraynaya 2000 tank əleyhinə qumbaraatan göndərib.
Lüksemburq Ukraynanı tank əleyhinə silahlarla təmin edib.
Neytral Avstriya tezliklə dəbilqə, qoruyucu jilet və yanacaq göndərəcək”.
Nikolenko həmçinin qeyd edib ki, partnyorlardan Ukraynanın müdafiəsinə böyük həcmdə yardım gəlməkdə davam edir: gülləkeçirməz jiletlər və dəbilqələrdən tutmuş portativ zenit-raket komplekslərinə və tank əleyhinə sistemlərə qədər.