2 Mart 2022 16:33
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Ukraynaya müdaxiləsi Pekinin buradakı planlarını təhlükə altına alıb. Buna baxmayaraq, Pekin Kremlə mane olmaq istəmir, işğalı səssiz müşahidə edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiyaya qarşı iqtisadi sanksiyaların bu ölkədən olan zəngin insanları çətin duruma saldığını söyləyib:

“Bir qrup rusiyalı oliqarx və işadamı onlara qarşı tətbiq edilən sanksiyaları anlamadıqlarını bildiriblər. Məsələn, Rusiyanın nəhəng “Severstal” şirkəti Avropa İttifaqı ölkələrinə ildə 4 milyard dollara yaxın metal ixrac edirdi. Avropa İttifaqı bu şirkətə və şirkətin rəhbəri Aleksey Mordaşova qarşı sanksiya tətbiq edib. Şirkət qalıb pis vəziyyətdə, tələsik yeni bazarlar axtarırlar, gözlərini dikiblər Asiya ölkələrinə. Ancaq qısa müddətdə nəhəng həcmdə metalı başqa bazarlara yönətlmək problematikdir. Başını itirən Aleksey Mordaşov açıqlama verib ki, ömrü boyu bizneslə məşğul olub, siyasətlə maraqlanmayıb və ona qarşı tətbiq edilən sanksiyaları anlamadığını vurğulayıb. Bəhanədir. Sənin və şirkətinin illik qazanclarının bir hissəsi Rusiya büdcəsinə daxil olur, həmin büdcə ilə isə hazırda Ukrayana təşkil olunan işğalda istifadə olunan hərbi texnika alınır.

Kremlin əsas media ruporlarından biri Solovyov da narazıdır. O bildirib ki, “mənə qarşı niyə sanksiya tətbiq edirsiniz, Avropaya niyə getməməliyəm?”. Deməl bu adam illərdir televiziya və radio proqramlarında Ukraynanı aşağılayır, separatizmə dəstək verir, Kreml sahibi kimi “Ukrayna adında dövlət yoxdur” deyir və işğal başladıqdan sonra yaxasını kənara çəkmək istəyir. Səbəbi bəllidir. Solovyovun İtaliyada bahalı mülkü var, Avropa banklarında maliyyə vəsaitləri də olmamış deyil. Qorxur ki, bunlardan məhrum olacaq. Solovyova Şengen vizası verilməyəcək, İtaliyadakı mülkünə gedə bilməyəcək və ona görə də Kremlin ruporunu dərd alıb”.

Elxan Şahinoğlu vurğulayıb ki, Kreml bir tərəfdən Kiyevlə danışıqlarda iştirak edir, o biri tərəfdən işğal davam etdirir:

“Rusiya ordusu Ukraynanın Xerson şəhərini işğal edib, Mariupol şəhərini mühasirəyə alıb, Ukraynanın Azov dənizinə çıxışının qarşısını kəsib. Belə olan halda Kremllə Kiyev arasında istənilən danışıq nəticə verməyəcək. Kreml heç olmasa, danışıqlar getdiyi saatlarda da atəşkəs elan etmir. Bu danışıqların fəlsəfəsinə ziddir. Ötən dəfə də Belarusun Qomel şəhərində danışıqlar davam edərkən elə həmin Belarusun ərazisindən Ukrayna raket atəşinə tutulurdu. Belə olan halda danışıqlar Kremlin nəyinə lazımdır?

Rusiya prezidenti işğalı davam etdirməklə yanaşı, danışıqlar aparmaqla dialoqdan imtina etmədiyini göstərmək istəyir. Ancaq Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla son telefon söhbətində açıq deyib ki, Ukrayna faktiki təslim olmalı, Krımı Rusiya ərazisi kimi tanımalı və neytral statusu qəbul edəcəyini açıqlamalıdır. Buna kim razılaşar?

Bu arada, Ukrayna Xarici işlər naziri Dmitri Kuleba Rusiyanın tərəfdaşı Çin Xarici işlər naziri Vanq Yi ilə telefonla danışıb. Çinin xarici işlər naziri ölkəsinin Ukrayna torpaqlarında müharibəni diplomatiya yolu ilə dayandırmaq üçün bütün səyləri göstərməyə hazır olduğunu əmin edib. Kuleba çinli həmkarına Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünün inkişafı, mülki infrastrukturun atəşə tutulması və dinc sakinlərin öldürülməsi barədə ətraflı məlumat verib. O, Vanq Yidən Rusiyanı Ukrayna xalqına qarşı silahlı təcavüzü dayandırmağa məcbur etmək üçün Pekin və Moskva arasında münasibətlərin səviyyəsindən istifadə etməyi xahiş edib. Çinli nazir Ukraynanın ərazi bütövlüyü və suverenliyini təsdiqləyərək ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını qeyd edib. O, Dmitri Kulebanın əmin edib ki, Çin həm də BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Ukrayna torpağında müharibənin dayanması üçün bütün imkanlarından yararlanacaq”.

Ekspert qeyd edib ki, əslində Pekin yaranmış durumdan narahatdır:

“Pekin nə qədər Kremlin tərəfdaşı olsa da, Avropada qarışıqlıq istəmir. Çünki Çin üçün ən böyük bazarlardan biri Avropadır. Köhnə qitənin mərkəzində başlanan müharibə Çinin iqtisadi maraqlarına ziddir. Çinin Ukrayna ilə də anlaşmaları var. Bu anlaşmalar iqtisadi və ticarət sahələrini əhatə edir. Çin Ukraynanın zəngin torpaqlarından kənd təssərrüfatı mallarının idxalı üçün istifadə etməyi planlaşdırırdı. Rusiyanın Ukraynaya müdaxiləsi Pekinin bu planlarını təhlükə altına alıb. Buna baxmayaraq, Pekin Kremlə mane olmaq istəmir, işğalı səssiz izləyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər