Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles Qərb ölkələrinin elan etdiyi sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsir edəcəyini, amma Prezident Vladimir Putinin bu sanksiyaları ciddiyə almadığını bildirib.
Teleqraf.com xəbər verir ki, Uolles “Sky News”a müsahibəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıb.
Onun sözlərinə görə, ruslar gözlədiklərindən qat-qat çox itki veriblər və bu, onları Ukraynada taktikalarını dəyişməyə sövq edib. Nazir Ukrayna şəhərlərinin intensiv bombardman ediləcəyindən ehtiyat etdiyini söyləyib.
“Bu, həqiqətdir və qorxuram ki, vəziyyət daha da pisləşəcək. Rusiyanın doktrinası daha da sərtləşəcək”, - Uolles qeyd edib.
Nazirin sözlərinə görə, rus ordusu şəhərlərin çoxunu bir neçə saata ələ keçirəcəyindən əmin olsa da, bu baş verməyib:
“Bu gün 1.4 milyon insanın yaşadığı Xarkovda rus qüvvələrinin bəzi görüntülərini gördük, potensial olaraq şəhərin mərkəzindədirlər, amma oranı əllərində saxlaya bilmirlər”.
Uolles onu da bildirib ki, Kiyevə yaxınlaşan rus kolonu müxtəlif səbəblərdən dayanıb.
Qərb ölkələrinin sanksiyalarının Rusiyaya təsiri ilə bağlı sualı cavablandıran Uolles Rusiya iqtisadiyyatının bunlardan ciddi təsirlənəcəyini bildirib: “Bəs bu Putini maraqlandırırmı? Açığı, sanksiyalar onu maraqlandırmır”.
Onun sözlərinə görə, Putinin bunu ciddiyə alıb-almamasından asılı olmayaraq, ruslar avropalılardan daha çox əziyyət çəkə bilər.