“Dünyanın ən bahalı yaxtaları, təyyarələri, avtomaşınları əsasən üçüncü dünya ölkələrindən olan oliqarxların payına düşür”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Ekspert rusiyalı oliqarxların Rusiyaya sanksiya tətbiq etməyə başlayan Qərb dövlətlərinin hədəfində olduğunu bildirib:
“Almaniyanın dövlət orqanları özbək əsilli rusiyalı milyarder Alişer Usmanovun “Dilbar” adlı yaxtasına həbs qoyublar. Bu haqda “Forbes” yazıb. 156 metr uzunluqda olan yaxta 2016-cı ildə hazırlanıb və 600 milyon ABŞ dollarına başa gəlib. Yaxta Hamburqda yeniləmə işlərilə bağlı gəmi təmiri müəssisəsində olub.
“Forbes” Usmanovun Avropa Birliyinin bir neçə ölkəsində 280 milyon dollar dəyərində dəbdəbəli daşınmaz əmlakının da olduğunu yazıb. Metallurgiya sənayesindən tutmuş televiziya və sosial şəbəkə biznesinə qədər müxtəlif sahələrdə payı olan Alişer Usmanovun ümumi sərvəti 16.4 milyard dollar həcmindədir.
Rusiyanın dövlət və hakimiyyət orqanları ilə sıx əlaqələri olan Usmanovun adı bu ölkənin Ukraynaya qarşı təcavüzünə görə Avropa Birliyinin tətbiq etdiyi sanksiyalara düşüb. Ümumiyyətlə, Avropa Birliyinin sanksiya tətbiq etdiyi Rusiya vətəndaşlarının sayı 25 nəfərdir. Onların arasında oliqarxlar, dövlət rəsmiləri, jurnalistlər, digər peşə sahibləri və Putinin sözçüsü Dmitri Peskov da var”.
Ərəstun Oruclu qeyd edib ki, dünyanın ən bahalı yaxtaları, təyyarələri, avtomaşınları əsasən üçüncü dünya ölkələrindən olan oliqarxların payına düşür:
“Məsələn, dünyada 10 ən bahalı yaxtanın 5-i ərəblərə, 3-ü rus oliqarxlarına, 1-i malayziyalı milyarder Robert Kuoka məxsusdur. 10-cunun sahibi açıqlanmayıb.
Ümumi sərvəti 11.9 milyard ABŞ dolları həcmində olan 98 yaşlı Robert Kuoka məxsus, hazırlanmasında 10 ton qızıl və platindən istifadə olunmuş dünyanın ən bahalı yaxtasının qiyməti 4.8 milyard ABŞ dolları həcmində dəyərləndirilir.
Diqqətçəkən həm də odur ki, ən bahalı 10 yaxtanın sahibləri arasında milyarderlərin sayına görə dünyada birinci yerdə olan (724 nəfər) ABŞ-dan bircə nəfər də yoxdur. Baxmayaraq ki, amerikalı milyarderlər başqa siyahıda - dünyanın ən zəngin adamlarının ilk onluğunda yerlərin 8-ni tuturlar.
Ən bahalı şəxsi təyyarələrin siyahısında da vəziyyət oxşardır. Burda ilk onluğa daxil olan bahalı təyyarələrin 3-ü ərəblərə, 2-si rusiyalılara, 2-si amerikalılara məxsusdur. Yeri gəlmişkən, şəxsi “Airbus” A340-300 təyyarəsi 350-500 milyon ABŞ dolları həcmində dəyərləndirilən Alişer Usmanov bu siyahıda ikincidir”.