Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı partiyasının Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edib.
Teleqraf.com xəbər verir ki, D.Baxçalının çıxışından diqqət çəkən məqamlar bunlardır:
“Rusiya Federasiyasının qonşusu Ukraynaya qarşı başlatdığı hərbi əməliyyat beynəlxalq hüquqa və Minsk prosesinə tamamilə ziddir. Rusiya işğal planını 2014-cü ildən addım-addım həyata keçirib. Rusiya tərəf kimi imzaladığı müqavilələri pozub. Putinin qanlı işğala haqq qazandırmaq səyləri ziddiyyətdir.
Birləşmiş Millətlər Təşkilatı qeyri-qanuni və qeyri-legitim hərbi əməliyyatlar qarşısında cılız və zəif qınaq mesajları verməkdən başqa heç nə etməyib.
Ukraynanın sərhəd təhlükəsizliyi, insan varlığı və suveren hüquqları təhlükəli şəkildə hücuma məruz qalıb. Səkkizinci günə qədəm qoyan bu hücum bütün vahiməsi ilə davam edir.
Ukraynanı od çuxuruna çəkən həm Rusiya, həm də Qərbdir. Donbasın Ukraynadan ayrılması separatizmdir. Bu bölgənin qondarma müstəqilliyi və suverenliyinin Rusiya parlamenti tərəfindən təsdiqlənməsi ümumbəşəri hüquq normalarının qətlə yetirilməsidir.
Putini bir kənara qoyaq, türk millətinin qarşısında danışmağa, böhtan atmağa, tarixi xatırlatmağa heç kimin, heç bir dövlətin üzü və cəsarəti çatmaz".
Baxçalı sözünün davamında deyib: "ABŞ, Aİ və NATO bu müharibədə qalibiyyətdən uzaq olduğunu göstərdi. Əgər Ukrayna NATO-ya üzv olmayacaqdısa, niyə bu illər ərzində ABŞ onu boş vədlərlə təsəlli edirdi?"
Baxçalının sözlərinə görə, MHP olaraq qarşıdurmaların ləngiməsi və sülh üçün atılması lazım olan addımlar belədir: "Ukraynanın siyasi və ərazi bütövlüyünə hörmət edilməli, atəşkəs elan olunmalı, Rusiya ordusunu geri çəkməlidir. Eyni zamanda NATO da şərqə doğru genişlənmə strategiyasını yenidən nəzərdən keçirməlidir".
MHP sədrinin fikrincə, hadisələr və reallıqlar göstərdi ki, Türkiyə Rusiya və Ukrayna ilə doğrudan görüşə, masa arxasında otura bilən yeganə ölkədir.