Rusiyanın keçmiş xarici işlər naziri Andrey Kozırev “CNN International”a müsahibə verib.
Teleqraf.com xəbər verir ki, SSRİ-nin dağılmasından sonra Rusiyanın ilk xarici işlər naziri olan Kozırev Rusiyanın Ukraynaya hücumunu “barbarlıq” adlandırıb.
“Mən xarici işlər naziri olanda bunu təsəvvür belə edə bilməzdim, bundan söhbət belə gedə bilməzdi”, - eks-nazir deyib.
70 yaşlı Kozırev əlavə edib:
“Başa düşməyə başlayıram ki, onlar uçuruma gedirlər. Belə desək, onlar həm daxildə, həm də xaricdə cəzasızlıq hiss edirlər. Təəssüf ki, bu, Rusiyaya xas olan ambisiya növüdür. Onlar bu qardaş müharibəsi ilə bütün qardaş xalqların gələcəyini məhv edirlər”.
Qərb dünyasının Rusiyaya qarşı sanksiyalarına toxunan Andrey Kozırev sanksiyaların siyasətçiləri və bu siyasəti həyata keçirən insanları hədəf almalı olduğunu bildirib. Kozırev Rusiya lideri Putin və xarici işlər naziri Lavrovu hədəf alan sanksiyaların onların öz adlarına aktivləri olmadığı üçün təsirli olmayacağını və bütün sərvətlərinin ətraflarındakı adamların adlarına olduğunu iddia edib.
Kozırev bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin diplomatlarına çağırış edərək, onlardan Ukraynanın işğalına etiraz etmək üçün istefa vermələrini istəyib.