Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı təmirdə olan “Hetman Saqaydaçnı” freqatının rus ordusunun əlinə keçməməsi üçün gəminin batırılması əmrini yerinə yetirib.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
“Bu günlərdə çox çətin qərarlar qəbul edilib. Ordunu xilas etmək üçün manevr etməli olduq. Amma biz bütün torpaqlarımızı qaytaracağıq. Rusların atəşindən sonra dağılmış binalara ağrı ilə baxırıq. Amma biz hər şeyi yenidən quracağıq”, - müdafiə naziri söyləyib.
Onun sözlərinə görə, Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı təmirdə olan “Hetman Saqaydaçnı” freqatının rus ordusunun əlinə keçməməsi üçün gəminin batırılması əmrini yerinə yetirib:
“Cəsur döyüşçülər və bütün komanda üçün daha çətin qərarların nə olduğunu təsəvvür etmək çətindir. Amma biz donanmanı yenidən quracağıq. Müasir və güclü olacaq. İndi əsas şey müqavimət göstərməkdir. Başa düşürəm, hamı yorulub, çoxları yorğundur, itkilərdən şoka düşüb. Qarşıda hələ çox çətin dövr var. Bizə çox güc və dözüm lazımdır. Amma hər kəsə demək istəyirəm: ukraynalılar - siz inanılmazsınız”.