Rusiya-Ukrayna müharibəsinin pik həddində Vladimir Putinin “nüvə silahını hazır saxlayın” əmrindən sonra Avropa ölkələri başda olmaqla bir çox ölkə potensial təhlükəyə qarşı hərəkətə keçib.
Teleqraf.com xəbər verir ki, ABŞ təlim məqsədilə “Qiyamət günü təyyarəsi” adlandırılan nüvəkeçirməz qırıcısını havaya qaldırıb.
“Boeing 747” model sərnişin təyyarəsinin modifikasiyası ilə dizayn edilmiş innovativ “Boeing E-4B” fevralın 28-də ABŞ-ın Nebraska ştatı üzərində uçarkən görüntülənib. Təlim uçuşu Putinin nüvə qüvvələrini döyüşə hazır vəziyyətə gətiriləcəyini açıqladıqdan qısa müddət sonra həyata keçirilib.
Nebraskadakı Hərbi Hava Qüvvələrinin bazasından havaya qalxan təyyarə Çikaqoya doğru 4.5 saatlıq uçuşu tamamlayıb, sonra geri dönüb və bazaya enib. Təyyarənin ballistik raketləri izləmək üçün istifadə edilən havadan xəbərdarlıq və nəzarət reaktivləri ilə müşayiət olunduğu bildirilib.
E-4B ABŞ ordusunun 1970-ci illərdən bəri saxladığı “Naytvoç” təyyarə parkında yer alır. Məlumata görə, bu təyyarə nüvə müharibəsi zamanı yüksək rütbəli hərbçilər üçün mobil komanda mərkəzi kimi xidmət etmək üçün nəzərdə tutulub. Təyyarənin dizaynı 200 milyon dollara başa gəlib və digərlərində olmayan bir sıra təhlükəsizlik xüsusiyyətlərinə malikdir.
Demək olar ki, tamamilə pəncərəsiz olan təyyarə sərnişinləri və ekipajı nüvə müharibəsinin təsirlərindən qorumaq üçün xüsusi qalxanlara malikdir. Təyyarənin əsas xüsusiyyətləri gizli saxlanılır.
ABŞ rəsmiləri E-4B-nin hər zaman döyüşə hazır olduğunu və donanmanın müntəzəm təlim və hazırlıq missiyaları həyata keçirdiyini bildirirlər. Bu həftənin əvvəlində keçirilən son təlimin Putinin nüvə addımına birbaşa cavab olub-olmadığı bilinmir.
Putin strateji nüvə qüvvələrinin döyüş vəziyyətinə gətirildiyini açıqlayıb. Qərarın səbəbi kimi, NATO rəsmilərinin Rusiyaya qarşı aqressiv bəyanatları göstərilib.