Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirməkdə davam edir. Eyni zamanda, rus işğalçı qüvvələri quruda böyük itkilər verir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində dərc olunan operativ məlumatında deyilir.
Qeyd olunur ki, Ukrayna xalqının Rusiya işğalına qarşı qəhrəmancasına qarşıdurmasının 12-ci günü başlayıb.
“Düşmən Ukraynaya qarşı hücum əməliyyatını davam etdirir. Günün əvvəlindən Rusiya işğalçısı Ukraynanın yaşayış məntəqələrinə raket və artilleriya zərbələri endirməkdə davam edir. İşğalçılar Ukraynaya hava zərbələri endirmək üçün Belarusun aerodrom şəbəkəsindən istifadə edir”, - deyə məlumatda bildirilir.
Əlavə olunur ki, Ukrayna Müdafiə Qüvvələri düşmənin irəliləməsinin qarşısını almaq üçün bütün istiqamətlərdə müdafiə əməliyyatı həyata keçirir: “Düşmən canlı qüvvə, quru texnikası və hava hücumu vasitələri ilə ağır itki verməkdə davam edir. Əsir götürülənlər var”.
Qeyd edək ki, dünən gecə Rusiya ordusu Xarkov, Çerniqov və Kiyevə raket zərbələri endirib.
Pentaqon elan edib ki, müharibə başladıqdan bu yana Rusiya Ukraynaya 600-dan çox raket atıb.