Rusiya ordusu Ukraynanın İrpen şəhərinin bir hissəsinə daxil olub. Şəhərin digər hissəsində döyüşlər gedir.
Teleqraf.com xəbər verir ki, bunu İrpen şəhərinin meri Aleksandr Markuşin deyib.
“Bu gün saat 10:00-da İrpendən uşaq, qadın və qocaların növbəti təxliyyəsi baş tutacaq. Avtobuslar Romanovkada gözləyəcək və insanları Kiyev dəmir yolu stansiyasına aparacaq”, - mer qeyd edib.
Bundan əvvəl mer İrpenin öz mövqelərini təslim etməsi ilə bağlı məlumatları təkzib etmişdi: “İrpenin bir hissəsi həqiqətən də rus işğalçıları tərəfindən ələ keçirilib, lakin İrpenin bir hissəsi döyüşür və öz mövqelərindən əl çəkmir! Mən hamının başa düşməsini istəyirəm - bu, rəsmi məlumatdır”.
Ukrayna mediası bildirir ki, İrpen şəhərinin sakinləri üç gündən artıqdır işıqsız, susuz və istiliksiz qalıb, işğalçılar vətəndaşlara evlərini tərk etməyi qadağan ediblər. Martın 6-da işğalçılar İrpendən təxliyə zamanı atəş açmış, 8 nəfəri öldürmüşlər.