“Rusiya Federasiyası əldə edilmiş razılaşmaları pozaraq martın 7-də mühasirədə olan Kiyev, Xarkov, Donetsk və Xerson vilayətlərində mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlərin açılmasını yenidən sabotaj edib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
“Rusiya Silahlı Qüvvələri Kiyev, Mariupol, Volnovaxa, Sumı, Nikolayev, Xarkov və digər şəhər, qəsəbə və kəndlərinə bomba və raket hücumlarını davam etdirir. Bu, Ukrayna və xarici vətəndaşları daşıyan humanitar karvanların təhlükəsiz çıxışını, dərman və qidaların çatdırılmasını mümkünsüz edir. Humanitar dəhlizlər vasitəsilə təxliyə yalnız atəşkəs rejimi tam şəkildə həyata keçirildikdə mümkündür. Ukrayna tərəfi buna hazırdır.
Biz mühasirəyə alınmış şəhərlərdə mülki əhalinin Rusiya və Belarus ərazilərinə evakuasiya olunmasını cəhdini yersiz hesab edirik.
Ukrayna Prezident Putinlə əlaqə saxlayan dövlətləri humanitar dəhlizlərin açılması və irimiqyaslı humanitar fəlakətin qarşısının alınması üçün Rusiyaya təzyiq etməyə çağırıb.
Ukrayna Xarici İşlər Nazirliyi vətəndaşları döyüş bölgələrində olan xarici dövlətlərin səfirlikləri ilə daimi əlaqə saxlayır və onlara öz vətəndaşlarının Ukrayna ərazisindən keçməklə təxliyəsi üçün maksimum şərait yaradır”, - qeyd olunub.