Kamerunun qərb və sahilyanı bölgələrində yenidən baş qaldıran vəba epidemiyasına yoluxanların sayı 1500-ü keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Xalq Sağlamlığı Təcili Əməliyyatlar Koordinasiya Mərkəzi (COUSP) məlumat yayıb.
Bildirilir ki, indiyədək vəba epidemiyasına 1574 yoluxma faktı aşkar edilib. Ölkənin 10 bölgəsindən 5-də yoluxma faktı qeydə alınıb. İndiyə qədər epidemiyadan 44 nəfərin öldüyü vurğulanıb.
İlk dəfə 2021-ci ilin yanvar ayında ölkənin qərb və sahilyanı bölgələrində ortaya çıxan epidemiyada 37 yoluxma aşkarlanıb, 5 nəfər dünyasını dəyişib.
Qida və su ilə keçən vəba bədəndə şiddətli ishala və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa, ölümcül ola bilir.
Kamerunda təmiz suya olan ehtiyacın ödənilə bilməməsi və təcili və effektiv tibbi müdaxilənin təmin edilməməsi xəstəlik və ölüm riskini artırır.
Ölkədə malyariya, poliomielit (sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnən yoluxucu xəstəlik), tif (çirkli su içməkdən və yetəli qədər gigienik qaydalara əməl edilmədən hazırlanan qidalardan əmələ gəlir) və meymun çiçəyi virusu kimi epidemiyalara tez-tez rast gəlinir.