Ukraynanın Rusiya tərəfindən işğalı 13 gündür davam edir. Hücumların şiddətini artıraraq Qərbin ağır sanksiyalarına məruz qalan Rusiya ordusu paytaxt Kiyevin sərhədlərinə çatıb. Ukrayna ordusu və xalqı rus ordusunun şəhərə girməsinin qarşısını almaq üçün səngərlər qazıb, küçə döyüşləri üçün lazımi hazırlıqları görüb.
Teleqraf.com xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin dünən verdiyi açıqlamada 11 mindən çox rus hərbçisinin həlak olduğu, Rusiya ordusuna məxsus 290 tank və 999-dan çox zirehli hərbi maşının məhv edildiyi deyilib.
Bundan əlavə, Rusiyaya məxsus 117 yaylım atəş sistemi, 46 təyyarə, 68 helikopter, 454 yük maşını, 3 kater, 60 yanacaq çəni və 7 pilotsuz uçan aparatın yararsız hala düşdüyü qeyd edilib.
Ukrayna Müdafiə Nazirliyinin açıqlamasının əksinə olaraq, Rusiya müharibə zamanı cəmi 496 hərbçisinin öldüyünü bildirib. Bununla bağlı bir fərqli rəqəm də ABŞ kəşfiyyatı tərəfindən açıqlanıb.
“Nyu-York Tayms” qəzeti kəşfiyyat mənbələrinə əsaslanaraq, işğal zamanı öldürülən rus hərbçilərinin sayının 3 min civarında olduğunu yazıb.