8 Mart 2022 15:21
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Entoni Blinken Rusiya Prezidenti Vladimir Putindən Ukraynadakı müharibəyə son qoymasını istəyib və bu dəfə rus liderin şəxsi həyatını gündəmə gətirib.

Teleqraf.com xəbər verir ki, Blinken Putinin bir yaşlı qardaşının İkinci Dünya Müharibəsində öldüyünü xatırladaraq, “müharibəyə son qoy” çağırışı edib.

Blinken bildirib ki, Putinin 1 yaşlı qardaşı Viktor Leninqrad mühasirədə olarkən vəfat edib.

“Hər bir rusiyalı bilir ki, İkinci Dünya Müharibəsi zamanı leninqradlılar aclıq və təqiblərə məruz qalıblar. Bu mühasirə milyonlarla rus ailəsinə, o cümlədən bir yaşlı qardaşı ölən Prezident Putinə təsir edib”, - dövlət katibi söyləyib.

Blinken əlavə edib:

“İndi də Rusiya Mariupol kimi şəhərləri aclıqdan qırır. Bu, ayıbdır. Rusiya qüvvələrinin hərbi əməliyyatlarını davam etdirdiyi cənub liman şəhəri Mariupolda yüz minlərlə insan aramsız bombardman altında ac və susuz qalıb. BMT ailələrin çıxarılması üçün təhlükəsiz keçidin təmin olunmasını tələb edir. Atəşkəsə nail olmaq üçün əvvəlki iki cəhd uğursuz oldu və rus qoşunları insanların ölkəni tərk etməsinə mane oldu”.

Nasist qoşunları 1941-ci ilin sentyabrında şimaldan Finlandiya qüvvələrinin köməyi ilə Leninqradı (indiki Sankt-Peterburq) mühasirəyə alıb. Mühasirə 872 gün davam edib. Bu olaydan 10 il sonra 1952-ci ildə doğulan Putin anasının Leninqradın mühasirəsi zamanı aclıqdan ölmək üzrə olduğunu, hətta huşunu itirdiyini, ətrafdakıların köməkliyi ilə xilas edildiyini söyləyib. Putin 2012-ci ildə Sankt-Peterburqda çıxış zamanı ilk dəfə qardaşı Viktorun adını çəkib.

Putin Leninqradda anadan olub. O, valideynlərinin üç övladının ən kiçiyidir. Ondan əvvəlki iki qardaşı kiçik yaşlarında vəfat edib. Bu zaman o, hələ doğulmamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər