Bir çox dünya lideri Rusiya-Ukrayna müharibəsinin qarşısını almaq üçün Moskva ilə diplomatik danışıqlar apardı.
Teleqraf.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putini hərbi əməliyyatlardan çəkindirmək istəyənlər arasında Fransa lideri Emmanuel Makron da vardı.
Müharibədən əvvəl Moskvada Putinlə uzun masa arxasında görüşən Makronun cəhdləri heç bir nəticə vermədi. Nəhayət, bu yaxınlarda Makron və Putin arasında növbəti telefon danışığı oldu.
Rusiya liderini əməliyyatdan bir addım belə geri çəkməyə çalışan, amma bu dəfə də görüşdən əliboş ayrılan Fransa prezidentinin fotoları Yelisey Sarayı tərəfindən yayımlanıb.
Makronun son dərəcə düşüncəli, yorğun və eyni zamanda məyus olduğu anları obyektivlərə əks olunub.
Sosial şəbəkələrdə paylaşılan görüntülərlə bağlı “Məyusluq göz qabağındadır” və “Foto sözlərdən də yüksək səslə danışa bilər” ifadələri işlədilib.
Putinin fevral ayında Moskvada Makronla görüşündə istifadə edilən uzun masa geniş müzakirə olunub.
Rusiya liderinin bundan istifadə etməsinə səbəb Makronun PCR testindən imtina etməsi olub.