11 Mart 2022 12:44
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Qətərə ABŞ-ın NATO xaricində əsas müttəfiqi statusu verib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun dövlət katibi Entoni Blinken üçün memorandumunda bildirilir.

Sənəddə deyilir ki, bu, Xarici yardım Aktı və Silah ixracına nəzarət Aktının məqsədləri üçün edilir. Bayden öz qərarını ABŞ-ın Yaxın Şərq regionunda hərbi səylərinə “Qətərin uzun illər verdiyi töhfənin tanınması”, həmçinin ikitərəfli təhlükəsizlik dialoqunun inkişafına marağının simvolu adlandırıb.

Bundan əlavə, Amerika lideri Kolumbiyaya belə bir status vermək niyyətindədir.

O xatırladıb ki, o, bu ölkəni firavan, təhlükəsiz və demokratik Qərb yarımkürəsinin qurulması üçün ümumi səylərin açar elementi kimi çoxdan tanıyıb.

NATO xaricində əsas müttəfiq (ingiliscə Major Non-NATO Ally və ya MNNA) NATO üzvü olmayan ABŞ müttəfiqləri üçün istifadə edilən termindir.

Statusun əhəmiyyətinə gəldikdə qeyd etmək lazımdır ki, ikitərəfli münasibətlərdə belə bir statusun tətbiqi ABŞ-ın bu ölkələrlə əlaqələrinin inkişafına prioritet verməsinin göstəricisidir. Bu status alan ölkələr ABŞ-la birgə müdafiə təşəbbüslərində iştirak imkanlarına, birgə hərbi tədqiqatların aparılması imkanlarına dəvət alır, bir sıra məhdud antiterror tədbirlərində iştirak edir, məhdud növdə silahların bu ölkələrə təchizatı təmin edilir. Həmçinin, bu ölkələr kosmik layihələrdə birgə iştirak imkanı əldə edirlər. MNNA-nın statusu 1989-cu ildə qanunvericilik səviyyəsində müəyyən olunub.

Hazırda cəmi 18 ölkə ABŞ-ın NATO xaricində əsas müttəfiqi statusuna malikdir. Belə ki, Prezident Ronald Reyqanın dövründə İsrail, Avstraliya, Misir, Yaponiya və Koreya Respublikası (1987-ci ildən), Prezident Bill Klintonun dövründə İordaniya (1996-cı ildən), Yeni Zelandiya (1997-ci ildən) və Argentina (1998-ci ildən), Prezident Corc Buşun dövründə Bəhreyn (2002-ci ildən), Filippin (2003-cü ildən), Tailand (2003-cü ildən), Küveyt (2004-cü ildən), Mərakeş (2004-cü ildən) və Pakistan (2004-cü ildən), Prezident Barak Obamanın dövründə Əfqanıstan (2012-ci ildən), Tunis (2015-ci ildən) və Prezident Donald Trampın dövründə Braziliya (2019-cu ildən) bu statusu alıb.

Prezident Co Baydenin dövründə isə bu statusu alan yeganə ölkə Qətər olub.

Moldova 1992-ci, Gürcüstan 2008-ci, və Ukrayna 2014-cü ildən ABŞ-ın NATO xaricində əsas müttəfiqi statusu almağa namizəddir.


Müəllif: Səxavət

Oxşar xəbərlər