11 Mart 2022 23:57
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsi uzandıqca savaşın gedişi ilə bağlı bir çox ssenarilər ortaya çıxır. Qərb kəşfiyyatı Rusiya ordusunun bir həftəyə bütün Ukraynaya nəzarəti ələ keçirəcəyini düşünürdü, amma hücumdan iki həftədən çox keçməsinə baxmayaraq döyüş baş-başa davam edir.

Teleqraf.com xəbər verir ki, mütəxəssislər Ukraynanın gözlənildiyindən daha güclü müqavimət göstərməsinə və Rusiyanın strateji səhvlərinə diqqət çəkməyə başlayıblar.

“Financial Times” qəzeti Rusiya lideri Vladimir Putinin müharibə ilə bağlı qeyri-müəyyənliklə üzləşdiyi vaxtda Qərb ölkələrində müharibənin gedişi ilə bağlı bir çox ssenarilərin müzakirə olunmağa başladığını yazıb. Qəzetə danışan rəsmilər Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyi ilə bağlı ehtimalları sadalayıblar.

Rusiya Ukraynada gözlənilən irəliləyişə nail ola bilməsə də, əksər Qərb rəsmiləri rus ordusunun böyüklüyünü nəzərə alaraq Putinin müharibədə qalib gələcəyinə inanmaqda davam edir. Amma Putinin gözlədiyindən daha ağır bədəl ödəyəcəyinə diqqət çəkilir. Xüsusən də hərbi baxımdan. Mülki itkilərin də gözləniləndən çox olacağı bildirilir. Bir çox analitiklərin fikrincə, Putin Ukrayna lideri Vladimir Zelenskini Moskvayönlü hökumətlə əvəz edəcək. Bu, mühacirətdə Qərbin dəstəklədiyi Ukrayna hökumətinin yaranmasına və ölkə daxilində uzunmüddətli qarşıdurmanın başlanmasına səbəb ola bilər.

Zelenski işğalın əvvəlindən paytaxt Kiyevi tərk etməkdən imtina edir, amma bir çox kəşfiyyat qurumu Qərbin dəstəklədiyi hökumətin Rusiya ordusunun girmədiyi ölkənin qərbinə çəkiləcəyinin mümkün olduğunu deyir. Belə olan halda Polşa ilə sərhəddə yerləşən Lvov Ukraynanın yeni paytaxtı ola bilər. “Financial Times”a danışan rəsmilərin sözlərinə görə, Putinin rusdilli əhalinin cəmləşdiyi şərqə yönələn işğal strategiyası da bunun Kreml üçün məqbul variant olduğunu göstərir.

Ukrayna və Rusiya arasında atəşkəs danışıqları indiyədək humanitar dəhlizlərlə məhdudlaşıb. Dünən Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərini bir araya gətirən görüşdən konkret nəticə əldə olunmayıb. Ukrayna hökuməti Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımın və ölkənin şərqindəki rusiyayönlü separatçı bölgələrin mövqeyini müzakirə etməyə hazır olduğunu, amma ölkənin silahsızlaşdırılması tələbini qəbul etməyəcəyini bildirib. Yenə də bir çox ekspertlərin fikrincə, müharibə davam edərsə və itkilər sürətlə artarsa, hər iki tərəf razılaşmaya razı ola bilər. Bu, həm də Putinin öz qoşunlarını müəyyən qədər geri çəkməsi ilə nəticələnə bilər.

Bəzi ekspertlərə görə, Qərbdən silah dəstəyi davam edərsə, Ukraynada güclü müqavimət Rusiyanı məğlub edə bilər. Beləliklə, Putin Qərbin sanksiyalarının hədəfində olan Kremldəki elitanın və ya ordunun qiyamı nəticəsində hakimiyyətini itirə bilər. Putin müharibənin gedişindən həm də buna görə narahatdır.

ABŞ dövlət katibinin müşaviri Viktoriya Nuland bildirib ki, Ukraynada müharibəyə son qoymaq üçün ən mühüm gəlişmələrdən biri Rusiyada Putinə qarşı etirazçıların sayının artması ola bilər. Rusiyada müharibəyə qarşı keçirilən aksiyalarda çox sayda insan saxlanılıb.

Bəzi mənbələrə görə, müharibənin Ukrayna sərhədlərini keçməsi ehtimalı da var. Qərbin Ukraynaya silah göndərməsi və Moskvaya qarşı sərt sanksiyalar Şərqi Avropanın digər ölkələrini və ya NATO-nu münaqişəyə cəlb edə bilər. NATO alyansın üzvü olmayan Ukraynaya qoşun yeritməyəcəyini açıqlayıb və Kiyevin ölkədə uçuşa qadağan zona yaratmaq çağırışını rədd edib. Bununla belə, eskalasiyanın genişlənməsi riski qalır. Kremlin sözçüsü Dmitri Peskov Polşanın döyüş təyyarələrinin Ukraynaya göndərilməsinin çox təhlükəli olacağını bildirib. Putin də keçən ay münaqişəyə müdaxilə edəcək ölkələrə çox sərt cavab verəcəklərini demişdi.

Digər tərəfdən, NATO son vaxtlar Rusiyaya yaxın üzv ölkələrə və Baltikyanı ölkələrə çoxlu hərbçi göndərib. NATO-nun baş katibi Yens Stoltenberq deyib: “Putin daha az NATO istəyirsə, daha çoxunu tapacaq. O, bizi parçalamaq istəyirdi, lakin ona qarşı vahid ittifaqın qurulduğunu görür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər