14 Mart 2022 11:19
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya-Ukrayna müharibəsi dünya miqyasında silahlanma xərclərini artıracaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert Rusiya-Ukrayna müharibəsi fonunda baş verən geosiyasi proseslərə diqqət çəkib: “Blumberq nyus” bildirir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü dünyada ciddi ərzaq çatışmazlığı problemi yaradacaq. Bu iki ölkə dünyanın əsas taxıl ixracatçıların biridir. İnsanların enerji tələbatının 40 faiz də buğdanın, qarğıdalının və düyünün hesabına ödənilir.

Nəticədə dünyada bu məhsulların qiyməti təxminən 22 faiz artacaq, bu da 45 milyonadək insanın aclığa məruz qalmasına səbəb olacaq. Əlbəttə, ürəkaçan proqnoz deyil. Başqa bir təhlükə isə silahlanmaya xərclərin artacağı tendensiyasıdır.

Ukrayna böhranınadək müdafiə sahəsinə ÜDM-in 1.3% xərcləyən Almaniya bu rəqəmi 2% qaldırıb. Əvvəl 70 milyard avro təşkil edən hərbi büdcə gələn il 100 milyarda çatdırılacaq. Bu da öz növbəsində sosial xərclərin azaldılması deməkdir”.

Ərəstun Oruclu ABŞ-Çin münasibətlərindəki problemlərə də diqqət çəkib:

“Çin-ABŞ münasibətləri də əvvəlki qədər hamar görünmür. Rusiyanın Pekindən silah və hərbi sursat istəməsinə ABŞ dərhal reaksiya verib. Çinə bu addımı atacağı halda adekvat tədbirlərlə üzləşəcəyi barədə xəbərdarlıq olunub.

Buraya Səudiyyə Ərəbistanı şahzadəsinin və Dubay əmirinin ABŞ prezidenti ilə telefon danışıqlarından imtina etməsini əlavə etdikdə, gərginliyin coğrafiyasının bir qədər də genişləndiyini görürük.

Nəhayət, İranın İraq Kürdüstanındakı ABŞ konsulluğunu raket atəşinə tutması və digər məsələlər də proseslərin yüksələn xətlə inkişaf etdiyini göstərir. Təbii ki, müsbət heç bir şey vəd etməyən xətlə.

İndi sual budur ki, növbəti mina harada və hansı gücdə partlayacaq: Yaxın Şərqdə, Avropada, yoxsa Uzaq Şərqdə? Belə minaların sayı isə lazım olduğundan dəfələrlə çoxdur. Hələlik Rusiya Ukrayna cəngəlliyində çapalamaqdadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər