ABŞ-ın “Maxar Technologies” şirkətinin yeni peyk fotoları rus ordusunun Ukrayna ərazisinə-Kiyev yaxınlığında və Mariupolda hücumlarının nəticələrini ortaya çıxarıb.
Teleqraf.com xəbər verir ki, görüntüləri CNN Televiziya kanalı yayıb.
Fotolardan görünür ki, Kiyevdən 38 kilometr şimalda, Moşçun kəndi hissəsində demək olar ki, hər evə ciddi ziyan dəyib, bəzi evlərdə yanğınlar hələ də davam edir. Qəsəbə ətrafındakı əkin sahələri də yandırılıb.
Fotolarda bütün Mariupolun dağıntıları əks olunub. Mariupol regional reanimasiya xəstəxanasının binasının fasadında çuxur yaranıb, qırıntılar ətrafa səpələnib. CNN xəbər verir ki, xəstəxananın yaxınlığındakı yaşayış kompleksləri də zədələnib.
Mariupolun Primorski rayonunda isə hücum nəticəsində bir neçə evin tüstüləndiyini görmək olar. Qonşu yaşayış kompleksləri də dağılıb.
Bu gün Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun 20-ci günüdür. Adi ukraynalılar və Silahlı Qüvvələr özlərini müdafiə etməyə davam edir, Ukrayna şəhərlərinin atəşə tutulması dayanmır.