2014-cü ildə Rusiya Prezidenti Vladimir Putin Ukraynaya ilk dəfə müdaxilə edəndə Qərb dövlətləri dəhşətli səhvə yol verdi.
Teleqraf.com xəbər verir ki, bunu İngiltərə Baş naziri Boris Conson deyib.
“2014-cü ildə Vladimir Putin Ukraynaya ilk dəfə müdaxilə edəndə Qərb dəhşətli səhvə yol verdi. Rusiya lideri təcavüz aktına imza atdı və suveren ölkənin böyük bir hissəsini işğal etdi, amma biz onu sərbəst buraxdıq”, - Conson bildirib.
Onun sözlərinə görə, Qərb yenidən normal həyata qayıtmaq qərarına gəlib:
“İqtisadi əlaqələr təkcə bərpa olunmadı, daha da intensivləşdi. Qərb əvvəlkindən daha çox Rusiya qazı aldı, Putinin “xoş niyyətliliyi”nə daha sıx bağlandı, dünya onun neft qazın qiymətləri ilə bağlı şıltaqlığına daha çox meyilli oldu”.
Consonun fikrincə, Putin nəhayət 2022-ci ildə Ukraynada amansız müharibəyə başlayanda düşünürdü ki, dünyanın onu cəzalandırması çox çətin olacaq, çünki Qərbi Rusiyadan asılı vəziyyətə salmışdı:
“Ona görə də, indi doğum evlərini bombalaya biləcəyini düşünür. Nəticədə o, qaçan ailələrə ayrı-seçkilik etmədən hücumlar edəcək qədər cəsarətlidir. Onun bombaları partlayarkən, neft və qazın qiyməti daha da artır, bu da sizin cibinizdə daha az, Putində isə daha çox pul deməkdir”.
Onun sözlərinə görə, Qərb artıq bu yolla davam edə bilməz:
“Dünya bu davamlı şantajın obyekti ola bilməz. Nə qədər ki, Qərb iqtisadi cəhətdən Putindən asılıdır, o, bu asılılıqdan istifadə etmək üçün əlindən gələni edəcək. Ona görə də bu asılılıq indidir və bitəcək”.