“Rusiya Prezidenti Vladimir Putin Çar III Aleksandrın tarixi səhvlərini təkrarlayır”.
Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Zaur İbrahimli deyib.
Ekspert Ukraynaya müharibə elan edən Rusiya liderinin daxili və xarici siyasətdə yol verdiyi yanlışlara diqqət çəkib:
“Rusiyanın Ukraynaya işğalçı hücumu bu ölkənin tarixi inkişafı ilə bağlı ayrı-ayrı epizodları yada salmağa və analogiya aparmağa vadar edir. Demokrat Yeltsindən sonra hakimiyyətə gələn Putin Rusiyanı mühafizəkar ideyalar əsasında irəli aparmaq və təsirində olan ölkələrdə ruslaşdırma yanaşmasını əsas götürdüyünə və tarixdə geriyədönüş etmək cəhdlərinə görə III Aleksandrla da müqayisə edilə bilər.
III Aleksandr Putindən yalnız hakimiyyəti illərində müharibə aparmaması ilə fərqlənir. III Aleksandr atası II Aleksandrın tədricən konstitusiyalı monarxiyaya keçid konsepsiyasından imtina etmiş və babası I Nikolayın üsul-idarəsinə qayıtmışdı. Onun dövründə “Mütləqiyyətin əbədiliyi” haqıqnda manifest qəbul olunmuşdu. Putinin konstitutisya dəyişiklikləri də elə bu manifest ruhundadır. Putin də III Aleksandr kimi tarixi müstəvidə keçmişin müasir zamana proyeksiyasına cəhd edir. III Aleksandr da bütün azadıqları məhdudlaşdırmış, kilsənin təsirini artırmağa çalışmışdı.
Çar Rusiyanın vahid dövlət kimi inkişafı üçün rus elementinin bütün sahələrdə möhkəmləndirilməsini əsas götürmüşdü. Nəticələr ağır oldu, onun oğlu II Nikolay sonuncu monarx olaraq bolşeviklər tərəfindən güllələndi. I Nikolay və III Aleksandr öz sərt idarəçiliyi, islahatları və dövrün tələblərini inkar etmələri ilə Bolşevik inqilabının təməlini yaratdılar.
II Aleksandrın müəllimlərindən olan Jukovski ona izah edirdi ki, inqilab bazar günündən sonra üçüncü günə keçməkdi, ən pisi odur ki, geriyə qayıtmaq mümkün olmur. Yeltsin də Rusiyanı üçüncü günə adlatmışdı, Putin isə geri qaytarmağa çalışdı və uduzu”.