15 Mart 2022 22:13
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya hücumunun 20-ci günü geridə qaldığı vaxtda Qərb ölkələrinin Rusiyaya sanksiya dalğası davam edir.

Teleqraf.com xəbər verir ki, günbəgün artan sanksiyalar maliyyə, energetika, nəqliyyat və ticarət sahələrini əhatə edir.

Məlumata görə, Rusiya fevralın 22-dən indiyədək 3646 yeni sanksiyalara məruz qalıb. Bununla da Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı 6400-ə çatıb. Rusiya bununla İranı (3616), Suriyanı (2608) və Şimali Koreyanı (2077) geridə qoyub. Dünyanın ən çox sanksiya tətbiq edilən 7 ölkəsinin yer aldığı siyahıda 651 sanksiya ilə Venesuela, 510 sanksiya ilə Myanma, 208 sanksiya ilə Kuba da yer alıb.

Fevralın 22-dən bəri Rusiyaya qarşı ən çox sanksiya tətbiq edən 678 sanksiya ilə Avropa Birliyi (AB) olub. AB-ni 572 sanksiya ilə Fransa, 568 sanksiya ilə İsveçrə, 511 sanksiya ilə Kanada və 464 sanksiya ilə Avstraliya izləyir. ABŞ isə fevralın 22-dən etibarən Rusiyaya qarşı 278 sanksiya tətbiq edib. Həmin tarixdən etibarən Rusiyaya qarşı sanksiyaların 3257-si ayrı-ayrı şəxslərə, 379-u qurumlara, 7-si gəmilərə, 3-ü isə təyyarələrə şamil olunub.

Rusiya Prezidenti Vladimir Putin fevralın 22-də Ukraynanın şərqindəki rusiyayönlü separatçıların qondarma rejimlərinin tanınması haqqında fərman imzalayıb. Putinin qərarına reaksiya olaraq Qərb ölkələri fevralın 22-dən etibarən Rusiyaya qarşı ilk sanksiyalarını elan ediblər.

Fevralın 24-də isə Putin Ukraynanın şərqində - Donbasda “xüsusi hərbi əməliyyat”a başladıqlarını açıqlayıb. Ukraynaya hücumun rəsmi başlaması ilə Qərb ölkələri Rusiyaya ağır iqtisadi bədəl ödətmək üçün xüsusilə maliyyə, energetika və nəqliyyat, eləcə də ticarət və fərdi məhdudiyyətlər daxil olmaqla çoxlu sayda sanksiyalar tətbiq etməyə başlayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər