“Hazırda Rusiyada açıq səfərbərlik yoxdur, amma gizli səfərbərlik var”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Fyodor Venislavski deyib.
“Rusiyada açıq və ya ümumi səfərbərlik yoxdur, amma gizli səfərbərlik var. Özəl hərbi strukturlara muzdlular cəlb edilir. Onlara vəd edilmiş maaşların səviyyəsinə baxmayaraq, yaranmış durum yalnız pul üçün döyüşmək istəyənləri qane etmir. Bu muzdlular onları nəyin gözlədiyini yaxşı bilirlər, çünki Rusiyanın adi vətəndaşından fərqli olaraq, Rusiyanın nə qədər itkilərinin olduğunu görürlər. Buna görə də Ukrayna ilə müharibəyə getməkdən çəkinirlər”, - Venislavski bildirib.
Onun sözlərinə görə, Rusiya gizli şəkildə canlı qüvvə itkilərinin yerini doldurmaq üçün gizli səfərbərlik aparır.
“Krım körpüsü üzərindən Xerson vilayətinə, eləcə də şimal istiqamətindən – Çernobıl zonası vasitəsilə əlavə personal köçürməyə çalışırlar”, - o deyib.
Parlamentari qeyd edib ki, Rusiyada Ukraynadakı cəbhələrdə real vəziyyət və müharibənin real qurbanlarının sayının dərk edilməsi prosesi başlayıb:
“Ona görə də əminəm ki, yaxın günlərdə, bəlkə də həftələrdə Rusiya vətəndaşlarının şüurunda dönüş nöqtəsi olacaq, başa düşəcəklər ki, itkilərin sayı telekanalların təbliğatçılarının bildirdiyindən qat-qat çoxdur. Buna hər gün gücləndirilən sanksiyalarla, beynəlxalq məhkəmə qərarları və s. də təsir göstərə bilər”.