Panama 3 gəmisinin Qara dənizdə Rusiya raketləri ilə vurulduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Panamanın dənizçilik naziri Noriel Arauz Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ölkəsinin bayrağı ilə üzən gəmilərin rus qüvvələri tərəfindən hədəfə alındığını bildirib.
Arauz Panama bayraqlı 10 gəminin müharibə səbəbilə hələ də Qara dənizi tərk edə bilmədiyini deyib:
“Üç gəmimiz Rusiya raketləri ilə hücuma məruz qalıb, amma bütün heyət təhlükəsizlikdədir, maddi ziyan dəyib. Xarici İşlər Nazirliyi ilə daim əlaqə saxlayırıq”.
Nazir hücum edilən gəmilərdə altı ukraynalı ekipaj üzvünün olduğunu açıqlayıb:
“Qara dənizdə ən azı 10 Panama bayraqlı gəmi var, onlara bacardığımız qədər dəstək olmağa çalışırıq və bilirik ki, orada 200-300 arasında digər ölkələrə məxsus gəmilər də var. Onlara Qara dənizdən çıxmalarına icazə verilmir”.
Qara dənizin beynəlxalq sularında üzən gəmilərin vurulduğunu söyləyən Arauz hədəf alınanların əksəriyyətinin yükdaşıyanlar olduğunu bildirib.
Panama mətbuatı ruslar tərəfindən vurulan 1 gəminin batmaq təhlükəsi ilə üzləşdiyini, digər 2 gəminin isə ciddi zədələndiyini iddia edib.
Gəmilərdə ümumilikdə 21 ekipajın olduğu vurğulanıb.