17 Mart 2022 13:29
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın başı Ukrayna-Rusiya müharibəsinə qarışdığı bir vaxtda gözlər bir anda Fransanın Korsika adasında başlayan şiddətli etiraz və müstəqillik qiyamına çevrilib.

Teleqraf.com xəbər verir ki, Fransada həbsdə olan fəal İvan Kolonnanın martın 2-də hücum məruz qalmasından sonra Korsika adasında güclənən müstəqillik tələbləri artıq Makron hökumətini təhdid etməyə başlayıb.

İki həftə davam edən gərginlikdən sonra Fransa Prezidenti Makron dünən daxili işlər naziri Cerald Darmanini Korsikaya göndərib. Nazir bura gəldikdən sonra Korsika adasının muxtariyyətini qəbul edə biləcəkləri mesajını verib.

Makron 2017-ci il prezident seçkiləri kampaniyası zamanı Korsikaya muxtariyyət verəcəyini vəd edib.

“Le Canard Enchaine” nəşrinin iddiasına görə, Makron Korsikadakı müstəqillik tərəfdarı olan millətçilərin dəstəyini almaq üçün 1998-ci ildə Fransanın adadakı qubernatorunu öldürən sui-qəsdçilərlə gizli görüşüb. Amma Kolonnanın hücuma məruz qalması gizli sövdələşməni pozub.

Küçələrdə barrikadalar quran, zibil qablarını, bir sıra müəssisələri yandıran müstəqillik tərəfdarı gənclər Fransanın təhlükəsizlik qüvvələri ilə toqquşub.

Korsikadakı etirazlar Arles şəhərində həbsxanada müstəqillik tərəfdarı İvan Kolonnanın başqa bir məhbusun hücumuna məruz qalması ilə alovlanıb. Kolonnaya hücum şiddətli etirazlara səbəb olub.

İvan Kolonna 1998-ci ildə Fransa dövlətini adada təmsil edən qubernator Klod Erinyakın qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib.

Korsikalı siyasətçilər Makron hökumətinə xəbərdarlıq ediblər ki, Kolonna ölərsə, zorakılıq ümumi qiyama çevrilə bilər. Nümayişlərdə minlərlə insan “Fransa hökumətinin qatilləri” yazılmış pankartlarla küçələrə çıxıb. Yüzlərlə etirazçı polisə və ictimai binalara güllə, “Molotov kokteyli” və əldəqayırma partlayıcılar atıb.

Korsikanın ikinci böyük şəhəri olan Bastiada ötən bazar günü baş verən qarşıdurmalarda 102 nəfər, o cümlədən 77 polis yaralanıb.

Bastia baş prokuroru bildirib ki, şəhər son dərəcə şiddətli səhnələrin şahidi olur. Yeddi min şəhər sakini hökumət binalarını mühasirəyə alıb.

Qubernatorluq binası, yerli vergi və poçt idarələri yandırılıb, çevik polisə 650-dən çox “Molotov kokteyli” və raketlər atılıb.

Korsikadakı 40 illik milli azadlıq mübarizəsi 2014-cü ildə silahlı müstəqillik tərəfdarlarının hərbi əməliyyatlara son verməsi ilə sakitləşmişdi. O vaxtdan bəri muxtariyyət tələblərini gücləndirən Korsika millətçiləri yerli və regional seçkilərdə aktiv iştirak etməyə başlayıblar.

Bazar günü keçirilən sorğunun nəticələrinə görə, Korsika sakinlərinin 53 faizi adanın muxtariyyətini, 35 faizi isə Fransadan tam müstəqilliyini dəstəkləyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər