17 Mart 2022 21:14
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Financial Times” qəzeti Rusiya və Ukrayna arasında 15 maddədən ibarət müvəqqəti sülh planının olduğunu iddia edib. Bu maddələrə əsasən, atəşkəs əldə olunacaq, Ukrayna öz neytrallığını bildirəcək və silahlı qüvvələrinin məhdudlaşdırılmasını qəbul edəcək.

Teleqraf.com xəbər verir ki, rus ordusunun bundan sonra Ukraynadan çəkiləcəyi iddia olunub.

“Financial Times” danışıqlarla bağlı rəsmi mənbələrə istinadən tərəflərin 15 maddədən ibarət müvəqqəti sülh planında əhəmiyyətli irəliləyiş əldə etdiyini yazıb. Bununla belə, müvəqqəti sülh planına əsasən, Ukrayna NATO-ya üzv olmaqdan imtina edəcək və həmçinin xarici hərbi bazalara və ya silahlara ev sahibliyi etməyəcəyinə zəmanət verəcək. Bunun müqabilində Ukrayna ABŞ, İngiltərə və Türkiyə kimi müttəfiqlər vasitəsilə müdafiəni təmin edəcək.

Qeyd olunub ki, Moskva Krımın “Rusiya ərazisi”, Donetsk və Luqanskın “müstəqil respublikalar” kimi tanınmasını istəyir. Ukrayna tərəfi isə razılaşmanın prioriteti kimi Rusiya qoşunlarının bütün Ukraynadan çıxarılmasını şərtləndirib. Krım və Donbass məsələsinin barışıqlarda problem ola biləcəyi deyilib.

Ukrayna Rusiyanın səmimiyyətindən narahatdır. Ukrayna rəsmiləri narahatdırlar ki, ruslar cəbhəyə silah-sursat və qoşun çatdırmaq üçün vaxt qazanmağa çalışırlar.

İddiaya görə, 15 maddəlik plan ilk dəfə bazar ertəsi müzakirə olunub. “Financial Times”-da dərc olunan iddianı Kreml də təkzib etməyib və hər hansı bir razılaşmanı açıqlamağın hələ tez olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər