Məşhur həkim Mehmet Öz ABŞ-da senator seçiləcəyi təqdirdə, Türkiyə vətəndaşlığından imtina edəcək
Teleqraf.com xəbər verir ki, ABŞ-da Respublikaçılar Partiyasından siyasətə girməyə hazırlaşan türk əsilli amerikalı həkim Mehmet Öz seçilən kimi bu qərarı verəcəyini açıqlayıb.
Öz bu açıqlamanı respublikaçı rəqibi Devid Makkormikin haralı olduğunu soruşmasından sonra verib.
Dekabrda senator olmaq üçün namizədliyini açıqlayan Öz Pensilvaniya ştatından Respublikaçılar Partiyasının namizədi olmaq üçün gərgin rəqabət aparır. ABŞ-da türk ailəsində anadan olan Öz seçiləcəyi təqdirdə Senata daxil olan ilk müsəlman olacaq.
Özün rəqibi ondan niyə ABŞ ordusu əvəzinə Türkiyə ordusunda xidmət etdiyini soruşub. Eyni zamanda, ABŞ-ın ictimai dairələrində də Özün Türkiyə vətəndaşlığı müzakirə mövzusuna çevrilib. Mehmet Öz bundan sonra senator seçiləcəyi təqdirdə Türkiyə vətəndaşlığından imtina edəcəyini açıqlayıb.
O, indiyə qədər Türkiyə vətəndaşlığından imtina etməməsinin ən böyük səbəbinin alzeymer xəstəliyindən müalicə olunan anası olduğunu bildirib. Öz anasının səhhəti ilə bağlı Türkiyədə qərar verməsi lazım gələrsə, qanuni səlahiyyətə malik olmaq üçün indiyə qədər Türkiyə vətəndaşı olduğunu deyib.
Senatda ikili vətəndaşlıq nadir hallarda rast gəlinən məsələdir. Yalnız Texas senatoru Ted Kruz 2014-cü ildə Kanada vətəndaşlığından imtina edib.