18 Mart 2022 13:08
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə dalana dirənib. Bu barədə təkcə Ağ Evin sözçüsü Cen Psaki, ABŞ, İsrail və Avropa hərbi ekspertləri deyil, həm də Şərqi Ukraynadakı separatizmin (əslində isə işğalın) memarlarından olan keçmiş FSB polkovniki İqor Strelkov da söyləyir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, bütün ekspertlər hərbi uğursuzluğun əsas səbəbləri kimi ordu hissələrinin sayca yetərincə olmamasını, döyüş taktikasının yanlış seçilməsini və Ukrayna ordusunun düzgün dəyərləndirilməməsini göstərirlər:

“Bir sıra ekspertlər isə müharibənin artıq üzücü mövqe döyüşlərinə keçdiyini bildirirlər. İrəliləmənin mümkün olmaması səbəbindən qəzəblənən Rusiya ordu komandanlığı hava məkanındakı üstünlükdən istifadə edərək Ukraynanın şəhərlərinə dağıdıcı raket-bomba zərbələri endirmək yolunu tutub. Bununla Rusiyanın hərbi-siyasi rəhbərliyi özü üçün gələcəkdə hərbi cinayətlərə dair tribunala yol açır. Amma baş verənlərdə qeyri-adiliyi ilə diqqətçəkən bir sıra məqamlar da var.

Bunların arasında ən qeyri-adisi Ukraynaya qarşı aparılan işğalçı müharibədə Çeçenistan rəhbəri Ramzan Kadırovun dəstəsinin özəl yer almasıdır. Bu mənada, baş verənləri hər hansı normal dövlətdə təsəvvür etmək belə mümkün deyil. Prezident Putin Çeçenistan rəhbəri ilə olan telefon danışığı zamanı Kadırova Ukraynadakı çeçen ordusunun (bəli, rəsmi məlumatda belə yazılıb) hərbçilərinə onun salamını çatdırmağı tövsiyə edir.

Putinin Kadırovla telefonla danışdığını təsdiqləyən Kremlin sözçüsü Dmitri Peskov bildirir ki, hərbi vəziyyətlə bağlı onun açıqlama verməsi düzgün olmaz. Ardınca Peskov “hərbi əməliyyatlar haqda məlumat vermək Müdafiə Nazirliyinin səlahiyyətinə aiddir” deyərək, hərbi əməliyyatların gedişi ilə bağlı həmin nazirliyə və Kadırova müraciət etməyi məsləhət bilib. Burdan belə anlamaq olur ki, Kadırovun “ordu” adlandırılan dəstəsi işğalçı müharibədə müstəqil qurum kimi iştirak edir”.

Ərəstun Oruclu hesab edir ki, belə bir durumun isə iki səbəbi ola bilər:

“Birincisi, ordu rəhbərliyinə güvənməyən Putin hərbi əməliyyatlara “etibarlı əsgəri” - Kadırovu qoşub. İkincisi, Ramzan Kadırov faktorunu qabartmaqla Putin daxildəki opponentlərinə müvafiq mesajlar vermək istəyir.

Birinci səbəb tam istisna olunur, çünki nə Kadırov hərbçidir, nə də onun Ukraynaya göndərdiyi qoçu dəstələri ordu statusuna iddia edə bilər. Hətta bu dəstənin iddia olunduğu kimi 10 min “çeçen döyüşçü”sündən ibarət olduğunu qəbul etsək də o, Ukraynanın işğalına cəlb olunmuş 200 minlik Rusiya ordusu ilə heç bir müqayisəyə gedə bilməz. Deməli, söhbət daha çox ikinci səbəbdən gedə bilər ki, bu, daha inandırıcı görünür. Uzun illərdir Kadırovun “çeçen ordusu”nun Putinin şəxsi cəza dəstəsi kimi fəaliyyət göstərməsi heç kəsə sirr deyil. Buna əyani sübutlar da yetərincədir.

Elə Anna Politkovskaya, Boris Nemtsov kimi simaların və bir çox digər ictimai-siyasi fəalların açılmayan qətlinin arxasından “çeçen izi”nin çıxması kifayət edir. Buna işarə edən başqa bir məqam da kadırovçuların Rusiya paytaxtındakı ən yaxşı halda sərbəst adlandırıla biləcək davranışıdır. Buna isə imkan yaradan yalnız Putinin özü ola bilər.

Ukraynaya qarşı işğalçı müharibənin yaratdığı ağır fəsadlar isə onsuz da dayanıqlı olmayan Kreml iyerarxiyasında dərin çatlar, bəlkə də parçalanmalar yaradıb. Belə olduqda da Putinin hakimiyyətdaxili opponentlərini Kadırovla təhdid etməsi daha inandırıcı görünür. Hər bir halda bu, “sərkərdə Kadırov” versiyasından daha inandırıcıdır”.

Politoloq onu da qeyd edib ki, Putinin hakimiyyətin daxilindəki rəqiblərinin də sadəlövh olmadığını nəzərə aldıqda, üç gün əvvəl baş tutmuş bir görüş də diqqət çəkməyə bilməz:

“Söhbət Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Çeçenistana olan səfərindən və orada Ramzan Kadırovla keçirdiyi görüşdən gedir. Rəsmi məlumatda Patruşevlə Kadırovun Çeçenistan ərazisində dövlət və ictimai təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bildirilsə də, başqa və daha konkret mövzular ətrafında fikir mübadiləsinin aparıldığı istisna deyil. Bunlardan biri yuxarıda qeyd olunduğu kimi, çeçen cəza dəstələrinin hansısa siyai zorakılıq əməllərində iştirakı ola bilər.

Digər inandırıcı versiya “çeçen ordusu”nun Rusiyanın Azərbaycan və Gürcüstan kimi cənub qonşularına qarşı təzyiq vasitəsi kimi istifadəsi ola bilər. Bu mənada da kadırovçuların onlara heç bir ehtiyac olmadığı halda Ukrayna cəbhəsinə cəlb olunması təsadüfi görünmür, çünki belə missiyanı yerinə yetirmək üçün cəza dəstələri az da olsa, real savaş şəraitində döyüş təcrübəsi toplamalıdır.

Nəhayət, üçüncü mümkün ehtimal da Rusiyadakı qarşıdan gələn hakimiyyət böhranı zamanı Şimali Qafqaz bölgəsində sabitliyin təmin olunması müssiyasını Kadırovun və onun “ordu”sunun üzərinə qoyulmasıdır. Bu üç ehtimalın üçünün də üzə çxardığı ümumi bir səbəb var ki, bu da qarşıdan gələn yaxın dövrlərdə Rusiyada ictimai-sabitliyin pozula biləcəyi və siyasi böhranın yaranacağıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər