20 Mart 2022 11:37
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Co Baydenlə söhbəti zamanı diqqəti amerikalıların dünyadakı vəziyyətlə bağlı yanlış qiymətləndirmələrini dəyişməsi və yanlış hərəkətlərdən əl çəkməsi zərurətinə yönəldib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sinxua” agentliyi iki ölkə liderləri arasında ünsiyyətin yekunları ilə bağlı yaydığı şərhində bildirib.

Si Cinpin Baydenə deyib ki, onlar ən böyük ölkələrin liderləri kimi qaynar nöqtələrlə bağlı qlobal problemlərin düzgün həllini nəzərdən keçirməli, həmçinin qlobal sabitliyi nəzərə almalıdırlar.

“Əgər onlar (ABŞ) əsas qlobal məsələlərdə vəziyyəti yanlış qiymətləndirməkdə və yanlış üsullar tətbiq etməkdə davam etsələr, bu, daha böyük eskalasiyaya gətirib çıxaracaq ki, öz növbəsində bu da düzəlməz itkilərlə nəticələnəcək”, - deyə şərhdə bildirilir.

“Sinxua” qeyd edir ki, ABŞ başda olmaqla, yaxın keçmişdə Qərbin qəbul etdiyi bir sıra birtərəfli sanksiyalar bununla bağlı kəskin problemlərin lazımi qaydada həllinə nəinki töhfə verib, həm də münaqişələri daha da intensivləşdirib və hətta ciddi böhranlara səbəb olub.

Agentlik yazır ki, Bayden Si Cinpini ABŞ-ın Çinlə yeni soyuq müharibə istəmədiyinə inandırıb.

Bununla bağlı ÇXR lideri bildirib ki, Çin-ABŞ münasibətləri ABŞ-ın əvvəlki administrasiyasının yaratdığı çıxılmaz vəziyyətdən hələ də xilas olmayıb, lakin getdikcə daha çox problemlə üzləşir.

“Bunun birbaşa səbəbi odur ki, ABŞ-da bəzi insanlar dövlət başçılarının əldə etdiyi vacib konsensusu və prezident Baydenin vədlərini yerinə yetirmirlər”, - “Sinxua” yazır.

Şərhdə deyilir ki, ayrı-ayrı siyasətçilər Çinin əsas maraqlarına toxunan problemləri təhrik etməkdə davam edirlər.

Bu, Tayvanın müstəqilliyini istəyən qüvvələrə dəstək, Ukraynanın problemi barədə yalan məlumatlar yaymaq və Çinin mövqeyini təhrif etmək cəhdləri və hətta sanksiyalarla hədələmək, Sincan, Tibet və Honq-Konqla bağlı məsələlərdə Çinin daxili işlərinə davamlı müdaxilədir.

Yazıda o da qeyd edilir ki, Si Cinpin Ukrayna böhranı ilə bağlı Çinin mövqeyini Baydenə açıqlayıb.

“Bütün tərəflər Rusiya-Ukrayna dialoqunu və danışıqlarını birgə dəstəkləməli, nəticə və sülh üçün danışıqlar aparmalıdır. ABŞ və NATO Ukrayna böhranının mahiyyətini, Rusiya və Ukraynanın təhlükəsizlik problemlərini həll etmək üçün Rusiya ilə dialoq aparmalıdır”, - deyə “Sinxua” agentliyi Çin Xalq Respublikasının sədrindən sitat gətirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər