20 Mart 2022 15:47
1 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Daily Star” qəzetində Ukraynaya müharibə elan edən Rusiya lideri Vladimir Putinin gündəlik həyatı ilə bağlı məqalə dərc olunub.

Teleqraf.com xəbər verir ki, ingilis jurnalist və yazıçı Ben Cudanın Putin haqda yazdığı kitabdan və Rusiya liderinə yaxın şəxslərdən sitat gətirilən məqalədə onun gündəlik iş rejiminə yer verilib.

İddiaya görə, digər liderlərdən fərqli olaraq Putin günə təxminən saat 12:00-da başlayır. Yataqdan qalxdıqdan sonra dərhal yemək yeyən Putin adətən kəsmikli omlet və sıyığa üstünlük verir.

Putin əvvəlki açıqlamalarında dadlı səhər yeməyi üçün ən çox sevdiyi şeyin bildirçin yumurtası və təzə meyvə şirəsi olduğunu bildirib.

Rusiya lideri yeməklərində zəhər olub-olmadığını yoxlayan qida test cihazından istifadə edir.

Putinin köməkçilərinin sözlərinə görə, o, günə başladıqdan sonra iki saat hovuzda üzür. Qəhvəsini də həmin vaxt içir və yenə də köməkçilərinin dediyinə görə, işlə bağlı fikirlərini burada müəyyən edir.

İddiaya görə, Putinin üzgüçülük seansından sonra görüşü varsa, bəzən qonaqlarını 4 saata qədər gözlədir.

Bununla belə, bildirilir ki, Rusiya lideri səhər yeməyindən sonra işinin sıxlığı səbəbindən tez-tez nahar və şam yeməyini yarımçıq qoymalı olur.

Putinin meyvə yeməyi çox sevdiyi və Qafqaz dağlarında hazırlanan qıcqırdılmış süd - kefiri çox içdiyi də deyilir. Keçmiş həyat yoldaşı Lüdmila Putinanın sözlərinə görə,Rusiya liderini mətbəx masasında bir stəkan kefirlə gözləmək onun diqqətini cəlb etmək üçün sınanmış üsuldur.

Həmçinin Putinin təhlükəsizlik sızıntılarından qorxaraq sənədləri tez-tez qovluqlarda gizlətdiyi və bu məlumatları telefon kimi izlənilə bilən yerlərdə saxlamadığı da iddia olunur.

Məlumata görə, Putin Andrey Kolesnikovun “Kommersant”da onun haqqında yazdığı köşələri oxumağı çox sevir və həmişə axıradək oxuyur.

SSRİ Kommunist Partiyasının keçmiş rəsmi təbliğat vasitələrindən biri “Pravda” Putinin pomidor, xiyar və kahıdan ibarət sağlam pəhriz reseptinə riayət etdiyini yazır.

O, qoyun ətini digər ətlərdən daha çox sevsə də, balığa üstünlük verir.

Putin heç vaxt şirniyyat yemir və desertlər onun menyusundan tamamilə çıxarılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər