“Rusiyanın hücumları indiyə qədər gözlənilən nəticəni vermədi. Çünki Putinin çoxşaxəli siyasi məqsədləri Rusiya ordusunu bir çox hərbi hədəflərə yönəlməyə vadar etdi”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə ordusunun təqaüddə olan briqada generalı Nejat Eslen deyib.
Onun sözlərinə görə, hazırda rus ordusu çox geniş cəbhədə vuruşur – dörd fərqli istiqamətdə hücum etməyə çalışır.
Rusların Kiyev və Xarkovda uğur qazana bilmədiyini deyən Eslen dünyanın ikinci ən böyük ordusu kimi tanınan Rusiya Silahlı Qüvvələrinin indiyədək hədəflərindən heç birinə çata bilmədiyinə diqqət çəkib:
“Rus ordusu Kiyev şəhərini tutmağa çalışdı, amma bunun üçün onu dörd tərəfdən mühasirəyə ala bilmədi. Xarkovu ələ keçirmək üçün başlayan hücum hələ də davam edir. Rusiyanın cənub və şimal bölgələrinə hücumları qismən nəticə versə də, hələ də arzulanan məqsədlərə nail ola bilməyib.
Dünyanın ikinci böyük ordusu niyə indiyə qədər seçdiyi hədəfləri tuta bilməyib? 2500 il əvvəl yaşamış çinli strategiya nəzəriyyəçisi Sun Tzu deyirdi ki, hələ heç bir ölkə uzun müharibədən bəhrələnməyib, müharibədə məqsəd qələbədir, uzun yürüşlər deyil. Yəni müharibədə əsas məqsəd düşmən ölkəsini tam və zərərsiz ələ keçirməkdir. Məhv edib sındırmağın heç bir faydası yoxdur.
Rus ordusunun əməliyyatına nəzər saldıqda deyə bilərik ki, müharibə uzanır və ruslar hərbi hədəfləri ələ keçirməkdə çətinlik çəkirlər və müharibə davam etdikcə Rusiya həm xarici, həm də daxili təzyiqlər səbəbilə problem yaşaya bilər”.
Nejat Eslen rus hərbçilərinin qalib gəlmək üçün dinc şəhərləri hədəf aldığını, mülki insanların öldürülməsinin isə müharibə qanunlarına zidd olduğunu bildirib: “Putinin ordusu şəhərləri hədəf seçir, amma şəhərləri yıxmaq həmişə çətindir. Bundan əlavə, Ukrayna ordusu mühasirəyə alınmış şəhərlərin müdafiəsini yaxşı təşkil edir və müqavimət göstərir.
Sun Tzu deyirdi ki, bütün döyüşlərdə vuruşmaqla qalib gəlmək məharət deyil, ustalıq döyüşmədən düşmənin müqavimətini qırmaqdır. Ona görə, ustad lider düşmən qoşunlarını döyüşsüz ram edir, şəhərləri mühasirəyə almadan ələ keçirir və yürüşü uzatmaqla səltənəti alt-üst edir.
Putin isə siyasi məqsədlərinə çatmaq üçün ordusundan istifadə edir və döyüşərək öz məqsədlərinə çatmaq istəyir. Putinin ordusu şəhərləri hədəf seçib, şəhərləri ram etmək və yıxmaq isə həmişə çətindir”.
General Putinin öz düşmənini – Ukraynanı yaxşı tanımadığını da deyib.
Rusiyanın Ukrayna ordusunun imkanlarını yaxşı hesablaya bilmədiyini bildirən Eslen vurğulayıb:
“İndiyə qədər baş verən müharibədə gördüklərimiz budur: Rusiya Ukrayna ordusunun imkanlarını yaxşı hesablamadı və onun müqavimətini proqnozlaşdıra bilmədi. Bundan əlavə, Ukrayna ordusu Ukrayna xalqı ilə birlikdə total müdafiədə iştirak edir. Putinin bunu yaxşı hesablamadığı anlaşılır.
Eyni zamanda, Qərbin Ukrayna ordusuna verdiyi tank və zenit silahları, hava hücumundan müdafiə vasitələri Ukrayna ordusunun müqavimətini artırır. Bütün bunlar Putinin Ukrayna ordusunu yaxşı analiz etmədiyini göstərir. Bundan əlavə, Putin öz ordusunun imkanlarını da yaxşı hesablamayıb.
Bu əməliyyatda istifadə edilən qüvvələrin hədəfləri ələ keçirmək üçün kifayət etmədiyi anlaşılır. Müharibə planı da seçilmiş hərbi-siyasi məqsədlərə çatmaq üçün kifayət deyil. Bütün bunlar Sun Tszunun dediyi kimi, Putinin həm Ukrayna, həm də öz ordusunu yaxşı tanımadığını göstərir. Bütün bu səbəblərə görə, Putin daha çox mülki insanların itkisinin qarşısını almaq üçün hərbi-siyasi məqsədlərini ixtisar edərək, ən qısa vaxtda sülh masasına gəlməlidir”.